"Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirində ilk mükafatçılar müəyyənləşib

Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirində ilk mükafatçılar müəyyənləşib.

"Report"un Şimal bürosunun məlumatına görə, turnirin ilk günündə idmançılar slalom növündə mübarizə aparıblar.

Nino Tiklauri (Gürcüstan) 1-ci, Nikita Anner (İsveç) 2-ci, Kseniya Brejnaya (Özbəkistan) 3-cü olub.

Turnir çərçivəsində Qış İdman Növləri Federasiyası ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında əməkdaşlığa və gələcək layihələrə, o cümlədən qış idmanının Azərbaycanda tanıdılması və infrastrukturun yaradılması, idman tədbirlərinin keçirilməsi istiqamətində görülən işlərə dair brifinq təşkil olunub, medianı maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, turnir yanvarın 10-da başa çatacaq. Növbəti günlərdə idmançılar slalom və qiqant slalom növlərində mübarizə aparacaqlar.

Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Hon-Konq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Qazaxıstan və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir. Azərbaycanı dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.

Digər xəbərlər