Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükü üzrə "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar təxminən 22,1 milyard avro məbləğində qiymətləndirilir ki, bunun da 14,3 milyard avrosu ötürücü infrastrukturun yaradılması üçün tələb olunacaq.
Bu barədə "Report" "Green Energy Corridor Power Company"yə (GECO) istinadən xəbər verir.
Qeyd olunur ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən layihə texniki-iqtisadi əsaslandırmanın (TİƏ) başa çatmasından və rəsmi təsdiqindən sonra praktiki icra mərhələsinə keçir.
Təsdiq edilmiş plana əsasən, enerji dəhlizi ümumi gücü 3,9 QVt olan çoxterminallı yüksək gərginlikli sabit cərəyan ötürmə sistemindən (HVDC) ibarət olacaq və hər birinin gücü 1,3 QVt olan üç xətti əhatə edəcək. Hər bir xətt üçün Qara dənizdən keçən sualtı kabelin uzunluğu təxminən 1 124 km, kabelin çəkilmə dərinliyi isə 2 200 metr təşkil edəcək. Enerji körpüsünün marşrutu Bakıdan başlayaraq Gürcüstan ərazisindən keçməklə Anakliya və Poti rayonlarında quruya çıxışa malik olacaq, həmçinin Tbilisi və Tskaltubodan keçəcək, daha sonra Konstansa və Buxarest vasitəsilə Rumıniyadan keçərək Macarıstanın Albertirsa qovşağına qədər uzanacaq.
Ümumi investisiya məbləğindən təxminən 7,8 milyard avronun generasiya güclərinin yaradılmasına yönəldilməsi planlaşdırılır. Layihənin proqnozlaşdırılan daxili gəlirlilik norması (IRR) 11,7 %, xalis cari dəyər (NPV) isə 26,6 milyard avro olaraq qiymətləndirilir.
Layihə mərhələli şəkildə həyata keçiriləcək. 1,3 QVt gücündə olan birinci xəttin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılıb. Bu xətt hər il 8 TVt/saata qədər bərpa olunan elektrik enerjisini ixrac etməyə imkan verəcək. Elektrik enerjisinin Buxarestdə qəbulunu nəzərdə tutan ikinci xətt 2036-cı ildə, Konstansada qəbulu həyata keçirəcək üçüncü xətt isə 2040-cı ildə fəaliyyətə başlamalıdır.
2040-cı ilə qədər Xəzər regionundan Avropa İttifaqına bərpa olunan enerjinin illik tədarükü 20 TVt/saata çatmalıdır.
Layihənin resurs bazasını Azərbaycanın Xəzər dənizindəki ofşor külək enerjisi potensialı (təxminən 25 QVt və ya ildə təqribən 96 TVt/saat istehsal) təşkil edəcək. Təxminən 19 QVt günəş və qurudakı külək gücləri əlavə mənbə kimi çıxış edəcək.
2040-cı ilə qədər layihənin icrasının karbon qazı tullantılarını hər il 3,6 milyon ton azaltmağa imkan verəcəyi gözlənilir. Ötürücü infrastrukturun maliyyələşdirilməsi üçün dövlət və özəl kapitalın vəhdətini nəzərdə tutan hibrid model hazırlanıb. 1,3 QVt gücündəki hər bir xətt 500 MVt gücündə tənzimlənən seqmentə və 800 MVt gücündə kommersiya seqmentinə ayrılacaq.
Tənzimlənən hissə üçün tənzimlənən aktivlər bazası üzrə gəlirlilik nəzərdə tutulub, vergidən əvvəlki kapitalın real orta çəkili dəyəri (WACC) isə 8 % səviyyəsində müəyyən edilib. Kommersiya seqmenti buraxılış qabiliyyəti məhdudiyyətlərinin idarə edilməsindən əldə olunan gəlirlər və elektrik enerjisinin ötürülməsinə dair uzunmüddətli öhdəliklər hesabına fəaliyyət göstərəcək.
Maliyyələşdirmə mənbələri qismində beynəlxalq maliyyə institutlarının, ixrac-kredit agentliklərinin və kommersiya banklarının uzunmüddətli kreditlərindən, eləcə də Avropa İttifaqının Connecting Europe Facility (CEF) mexanizmləri çərçivəsində ayıracağı qrantlarından istifadə edilməsi planlaşdırılır.
Hazırda GECO operatoru strateji tərəfdaşlar və potensial investorlardan maraq ifadəsi üçün müraciətlərin qəbuluna başladığını elan edib.