Azərbaycan Türkiyəyə 8 ayda 7 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə cəmi 7 milyard 245,91 milyon kubmetr həcmində təbii qaz göndərilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Hesabata əsasən, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 % az olub.

Cari ilin avqust ayında isə Azərbaycandan Türkiyəyə cəmi 752,44 milyon kubmetr təbii qaz tədarük edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,15 % azdır.

Beləliklə, avqust ayında Azərbaycan Türkiyəyə təbii qaz təchiz edən ölkələr sırasında ikinci pillədə qərarlaşıb. Türkiyənin ümumi təbii qaz idxalında Azərbaycanın payı 27,11 % təşkil edib.

Qeyd edək ki, ötən ilin avqust ayında Azərbaycan Türkiyəyə 1 milyon 047,27 min kubmetr təbii qaz ixrac edib.

Təkcə avqust ayı ərzində Türkiyə ümumilikdə 2 milyard 775,52 milyon kubmetr təbii qaz alıb ki, bu da 2025-ci ilin həmin dövrünün göstəricisi ilə müqayisədə 32,66 % azalma deməkdir.

Həmin ayda Türkiyəyə boru kəmərləri ilə 2 milyard 391,76 milyon kubmetr (-35,75 %) qaz çatdırılıb, 383,76 milyon kubmetr (-3,87 %) isə mayeləşdirilmiş təbii qaz şəklində idxal edilib.

Avqustda Türkiyəyə təbii qaz tədarükündə lider mövqeyi İran tutub. Ay ərzində İrandan Türkiyəyə 916,25 milyon kubmetr təbii qaz nəql olunub. Bu rəqəm 2025-ci ilin avqust ayı ilə müqayisədə 9,08 % artım nümayiş etdirib.

Hesabat dövründə üçüncü mövqeni Rusiya tutub. Rusiya həmin ay ərzində Türkiyəyə 723,07 milyon kubmetr qaz göndərib. İllik müqayisədə Rusiyadan Türkiyəyə qaz tədarükü 60,6 % azalıb.

Xatırladaq ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan təbii qaz ötürülür. Qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyəyə 2007-ci ildə daxil olub. TANAP üzrə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da start verilib.

Digər xəbərlər