Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən "Gama Enerji İç Anadolu" elektrik stansiyasını satın alması ilə bağlı saziş imzalayıb.
"Report" xəbər verir ki, saziş 2-ci Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində imzalanıb.
Sazişə SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Gama Enerji" şirkətinin rəhbəri Hakan Əhməd Özman imza atıblar.
Razılaşmaya əsasən, gücü 870 MVt olan elektrik stansiyasının 100 % payı SOCAR-a məxsus olacaq. Sövdələşmənin dəyəri 225 milyon ABŞ dolları təşkil edir.
Qeyd olunur ki, bu investisiya SOCAR-ın Türkiyədə enerji istehsalı sahəsində mövqelərini gücləndirməklə yanaşı, Azərbaycan və Türkiyə arasında strateji enerji əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.