“Şahdəniz” yatağının əməliyyat xərcləri kəskin artıb

Bu ilin yanvar-sentyabr ayları ərzinndə “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 1 milyard 570 milyon ABŞ dollarına yaxın əməliyyat xərcləri və 524 milyon ABŞ dolları əsaslı xərclər çəkib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin 9 ayında “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 950 milyon ABŞ dolları və ya 2,53 dəfə çox, əsaslı xərclərin həcmi isə 195 mln ABŞ dolları və ya 27,1 % azdır.

Bildirilib ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Bildirilib ki, bu il “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunur. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.

Qeyd edək ki, layihədə BP (operator – 28,83 %), "AzSD" (10 %), "SGC Upstream" (6,67 %), "LUKoil" (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Digər xəbərlər