Nazir: “Hazırda SGC üzvü olmayan Avropa ölkələrinin Azərbaycan qazına tələbatı 14 mlrd kubmetrdir”

Hazırda Cənub Qaz Dəhlizi üzvü olmayan Avropa ölkələri tərəfindən Azərbaycandan tələb olunan qaz həcmi 14 milyard kubmetrdir.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təbii qaz uzun müddət enerji balansının mərkəzi komponenti olaraq dayanıqlı enerji təhlükəsizliyi üçün davamlı investisiyaları zəruri edəcək: “Bu gün qazla bağlı məhdudiyyətlərin aradan qaldırılması sabah Avropanın enerji müstəqilliyi üçün həyati əhəmiyyət daşıyır”.

Nazir deyib ki, Azərbaycan, Avropa İttifaqı (Aİ), enerji şirkətləri, regional maraqlı tərəflər və maliyyə institutları arasında koordinasiyalı və güclü əməkdaşlıqla Cənubi Qaz Dəhlizinin uğurunu yeni bir mərhələyə yüksəltmək mümkündür.

O bildirib ki, enerji təhükəsizliyi üçün diversifikasiyanın alternativi yoxdur və bu gün 12 ölkəni təchiz edən Azərbaycan qazı və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti məhz belə bir siyasətə əsaslanır: “Təbii qazla bağlı mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan bu illər ərzində etibarlı enerji təchizatçısı roluna müvafiq tədarük həcmlərinin artırılması və təchizat coğrafiyasının genişləndirilməsi sahəsində mühüm irəliləyişlər əldə edib. 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz tədarük olunarkən, ötən il bu göstərici 12,9 milyard kubmetrə çatıb ki, bu da 57 %-dən çox artım deməkdir. Ötən il Azərbaycandan qaz axınının təxminən 10 %-i Gürcüstana, 39 %-i Türkiyəyə yönəldiyi halda 51 %-i Avropanın payına düşüb”.

Xəbər lenti