"Black Sea Energy” layihəsi o qədər əhəmiyyətli layihədir ki, Mərkəzi Asiya ölkələri artıq Xəzər dənizinin dibi ilə analoji kabel çəkilişinə və daha sonra Avropanın ümumi enerji sisteminə qoşulmasına ciddi maraq göstərib.
Bu barədə “Report”a iqtisadçı ekspert, Macarıstan Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, professor Laslo Vasa bildirib.
Ekspert xatırladıb ki, bu layihə Azərbaycan və Macarıstan arasında enerji əməkdaşlığının bir hissəsidir. "Əməkdaşlığımız uzunmüddətli ənənəyə əsaslanır. Xatırlatmalıyam ki, Macarıstan Azərbaycanla əməkdaşlığa Qərbi Avropa tərəfdaşlarının oyanıb sizin qapınızı döyməzdən əvvəl başlayıb", - L.Vasa qeyd edib.
Laslo Vasa həmçinin Azərbaycan və Macarıstan arasında əməkdaşlığın əsas sahələrindən danışıb: "Bunlardan biri Azərbaycan qazının tədarüküdür. Bilirəm ki, Azərbaycan boru kəməri sistemlərinin ötürmə qabiliyyətini artırmaq üçün əlindən gələni edir. Əməkdaşlığın digər sahəsi Qara dənizin dibi ilə “yaşıl enerji” tədarükünü təmin edəcək “Black Sea Energy” layihəsidir. Layihədə Gürcüstan, Rumıniya və Macarıstan iştirak edir".
Ekspertin sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycanda istehsal olunan “yaşıl elektrik enerjisi”nin Şərqi Avropaya tədarüküdür. "Fikrimcə, bu, sadəcə enerji ixracı deyil, çünki enerji istehsalı günəş panelləri parklarının, külək və su elektrik stansiyalarının tikintisinə investisiya qoyuluşu tələb edir. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatına çoxlu investisiya qoyulacaq, ixrac olunan mallar, enerji isə daha çox əlavə dəyər ehtiva edəcək", - o bildirib.