Azərbaycanın enerji təhlükəsizliyində yeni "yaşıl mərhələ" - RƏY

"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) istismara verilməsi Azərbaycanın enerji strategiyasında kəmiyyət artımından keyfiyyət transformasiyasına keçidin simvolu kimi qiymətləndirilə bilər.

Bunu "Report"a açıaqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin "Xızı-Abşeron" KES-in açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin hazırkı mərhələsini və orta–uzunmüddətli strateji baxışını elmi-analitik müstəvidə dəyərləndirmək üçün mühüm əsas yaradır: "240 meqavat gücündə bu stansiyanın istismara verilməsi təkcə yeni generasiya gücünün yaradılması deyil, eyni zamanda ölkənin enerji balansında struktur dəyişikliklərinin dərinləşdiyini göstərən indikator kimi çıxış edir. Son illər qlobal miqyasda enerji təhlükəsizliyi anlayışı yalnız istehsal həcmləri ilə deyil, mənbələrin şaxələndirilməsi, ekoloji dayanıqlılıq və texnoloji çeviklik kimi meyarlarla ölçülür. Bu kontekstdə "Xızı-Abşeron" KES Azərbaycanın bərpaolunan enerji strategiyasının praktik mərhələyə keçdiyini nümayiş etdirir. Layihənin beynəlxalq investor – "ACWA Power" tərəfindən icra olunması isə ölkənin institusional etibarlılığını və hüquqi sabitliyini təsdiqləyən mühüm amildir. Xarici kapitalın uzunmüddətli enerji layihələrinə cəlb edilməsi yalnız maliyyə resurslarının deyil, eyni zamanda qabaqcıl idarəetmə və texnoloji təcrübənin transferini təmin edir".

Deputat bildirib ki, Prezidentin çıxışında vurğulanan digər mühüm məqam ənənəvi və bərpaolunan generasiya güclərinin paralel inkişaf etdirilməsi modelidir: "Elmi baxımdan bu yanaşma enerji sisteminin elastikliyini və dayanıqlığını artıran optimal model hesab olunur. Mingəçevirdə 2 000 meqavatlıq ənənəvi stansiyanın, eyni zamanda günəş və külək elektrik stansiyalarının ardıcıl olaraq istismara verilməsi pik yüklənmələrin idarə olunması və enerji təchizatında fasiləsizliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın enerji təhlükəsizliyini yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşdırmadığını, eyni zamanda ixrac potensialını da genişləndirdiyini göstərir".

O qeyd edib ki, Azərbaycanın son 20 ildə generasiya güclərini təxminən üç dəfə artıraraq 10 min meqavat səviyyəsinə çatdırması enerji sisteminin dərin modernləşdirilməsinin nəticəsidir: "Bu göstərici post-sovet məkanında nadir rast gəlinən dinamik inkişaf modelini ifadə edir. Xüsusilə qeyd olunmalıdır ki, bərpaolunan enerji mənbələrinin geniş miqyasda inteqrasiyası yüksək texniki koordinasiya və maliyyə tutumlu infrastruktur tələb edir. Bu baxımdan enerji ötürücü xətlərin, yarımstansiyaların və vahid şəbəkə mexanizminin yenilənməsi sistemli yanaşmanın mövcudluğunu təsdiqləyir. Prezident İlham Əliyevin Xəzər dənizinin külək potensialını 157 giqavat səviyyəsində qiymətləndirməsi Azərbaycanın regional enerji xəritəsində rolunun gələcəkdə daha da artacağını göstərir. Bu potensial yalnız daxili istehlak üçün deyil, Avropa və qonşu regionların enerji təhlükəsizliyinə töhfə verə biləcək strateji resurs kimi dəyərləndirilə bilər. Eyni zamanda, süni intellekt, data mərkəzləri və yüksək enerji tutumlu sahələrə investisiya çağırışı enerji siyasətinin sənaye və rəqəmsal transformasiya ilə uzlaşdırıldığını nümayiş etdirir".

E. Akimova vurğulayıb ki, çıxışda xüsusi vurğulanan Batareya Enerji Saxlanc Sistemlərinin yaradılması bərpaolunan enerjinin intermittensiya probleminin həllinə yönəlmiş mühüm texnoloji addımdır: "250 meqavatlıq ilk layihənin dövlət vəsaiti hesabına icra edilməsi bu sahədə bazar formalaşdırılması və gələcəkdə özəl investorların cəlb olunması üçün katalizator rolunu oynaya bilər. Elmi yanaşma baxımından enerji saxlanması sistemləri olmadan yüksək paya malik bərpaolunan enerji modelinin davamlı olması mümkün deyil. Makroiqtisadi müstəvidə Azərbaycanın aşağı xarici borc səviyyəsi, yüksək valyuta ehtiyatları və beynəlxalq kredit reytinqlərinin yüksəldilməsi enerji sektoruna yatırılan investisiyaların risklərini minimuma endirən əsas amillərdir. Bu faktorlar göstərir ki, enerji siyasəti təkcə texniki deyil, həm də fiskal və institusional dayanıqlıq üzərində qurulub. Xarici investorlar üçün müqavilələrin dəyişməzliyi və hüquqi öhdəliklərin qorunması prinsipinin vurğulanması isə Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir".

Deputatın sözlərinə görə, bu layihə göstərir ki, Azərbaycan enerji təhlükəsizliyini, ekoloji məsuliyyəti və iqtisadi səmərəliliyi vahid konseptual çərçivədə birləşdirərək regional və qlobal enerji sistemində mövqeyini sistemli şəkildə gücləndirir.

Digər xəbərlər