Azərbaycan 2026-cı ilə qədər bəzi neft məhsullarının istehsalını azaldacaq

Azərbaycan növbəti illərdə bəzi neft məhsullarının istehsalı proqnozunu dəyişməz saxlayıb.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci və növbəti 3 ildə Azərbaycan soba mazutu, neft bitumu, mühərrik yanacağı, sürtkü yağları və quru qaz istehsalı proqnozunu stabil saxlayıb.

Belə ki, proqnoza əsasən, 2022-2025-ci illər ərzində soba mazutunun istehsalının 40 min ton olacağı proqnozlaşdırılır. Eyni zamanda, ölkədə növbəti 4 il ərzində neft bitumu istehsalının 400 min ton olması nəzərdə tutulub.

Bundan başqa, ölkədə mühərrik yanacağının 2022-ci, 2023-cü və 2024-cü illərdə 42,5 min ton olacağı proqnozlaşdırılır. Ancaq 2025-ci ildə mühərrik yanacağının istehsalı 0,5 min ton və ya 1,18 % azalaraq 42 min ton təşkil etməsi nəzərdə tutulub.

Qeyd edilən illər əzində ölkədə 28,9 min ton sürtkü yağlarının istehsal edilməsi proqnozlaşdırılır. Ancaq 2025-ci ildə bu rəqəm 0,9 min ton və ya 3,11 % azalaraq 28 min ton təşkil edilməsi nəzərdə tutulur.

2022-2023-cü illərdə isə Azərbaycanda 86,6 min ton quru qazın istehsal edilməsi proqnozlaşdırılır. 2024-cü ildə quru qaz istehsalı proqnozu 0,5 min ton və ya 0,57 % artaraq 87,1 min olacağı gözlənilir. Ancaq 2025-ci ildə isə bu proqnoz 0,1 min ton və ya 0,11 % azaldılaraq 87 min ton olması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.

Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır. Qrafikə əsasən NEZ-də "Avro-5" tələblərinə cavab verən dizel yanacağı istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı mərhələdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro-5” standartına çatdırılması planlaşdırılır. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.

Digər xəbərlər