Azərbaycan iqtisadiyyatının artım dinamikasına neft-qaz sektorunda hasilatın həcmi əhəmiyyətli dərəcədə təsir edir. Son məlumatlara görə, 2025-ci ildə Azərbaycanda əmtəəlik neft hasilatının həcmi 2020-ci illə müqayisədə 0,5 % artaraq 34,7 milyon ton həcmində proqnozlaşdırılır ki, bu da iqtisadi artım templərinə adekvat dərəcədə təsir edəcək.
"Report"un xəbərinə görə, bu barədə "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində qeyd olunub.
Sənəddə qeyd edilib ki, 2021-ci ilin sonuna Azərbaycanda əmtəəlik 34,6 milyon ton neft hasil ediləcəyi gözlənilir ki, bu da 2020-ci ilin dövrü ilə müqayisədə 0,3 % çoxdur.
2022-ci ildə Azərbaycanda 34,8 milyon ton xam neftin hasil ediləcəyi proqnozlaşdırılır ki, bu da 2021-ci ilin gözləntiləri ilə müqayisədə 0,58 % çoxdur.
2023-cü ildə isə Azərbaycanda 35,8 milyon ton əmtəəlik xam neftin hasil ediləcəyi proqnozlaşdırılır ki, bu da daha əvvəlki 2022-ci ilin proqnoz göstəricisindən 2,9 % çoxdur.
Sənədə əsasən, 2024-cü ildə ölkədə 35,7 milyon ton əmtəəlik xam neftin hasilatı proqnozlaşdırılır ki, bu da 2023-cü ilin hasilat proqnozundan 0,27 % azdır. 2025-ci ildə Azərbaycanda 34,7 milyon ton əmtəəlik neftin hasil edilməsi nəzərdə tutulub ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 2,8 % azdır.