Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 495 milyon 769,1 min kubmetr təşkil edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə azdır.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan qazın dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə azalaraq 79 milyon 330,81 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə qaz idxalının ümumi həcmində 53 milyon 118,19 min ABŞ dolları dəyərində 354 milyon 121,25 min kubmetr "mavi yanacaq" Türkmənistandan tədarük edilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə tədarükün həcmi miqdar ifadəsində 3,8 dəfə, dəyər ifadəsində 3,6 dəfə azalıb.
Yanvar-oktyabr aylarında Rusiyadan 26 milyon 204,85 min ABŞ dolları dəyərində 141 milyon 647,86 min kubmetr qaz idxalı bəyan edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 5,7 dəfə, dəyər ifadəsində isə 5,5 dəfə azdır.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 361 milyon 997,49 min ABŞ dolları dəyərində 2 milyard 332 milyon 254,05 min kubmetr təşkil edib.