2022-ci ildə Azərbaycanda 5 milyon 755,8 min ton neft məhsullarının istehsal edilməsi nəzərdə tutulur.
"Report"un xəbərinə görə, bu barədə "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, 2023-cü ildə 5 milyon 802,5 min ton neft məhsullarının istehsal edilməsi proqnozlaşdırılır. Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 0,8 % çoxdur.
2024-cü ildə isə 5 milyon 842 min ton neft məhsulları istehsal edilməsi gözlənilir ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 0,68 % çoxdur.
2025-ci ildə isə 5 milyon 852 min ton neft məhsulları istehsal edilməsi proqnozlaşdırılır ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,17 % çoxdur. Bu, 2022-ci ilin yekunlarının proqnozu ilə müqayisədə isə 24,4 min ton və ya 1,67 % çoxdur.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.
Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır. Qrafikə əsasən NEZ-də "Avro-5" tələblərinə cavab verən dizel yanacağı istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı mərhələdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro-5” standartına çatdırılması planlaşdırılır. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.