Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil olunub.
"Report" xəbər verir ki, bu dəfəki təlimin əsas mövzusu "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi" olub.
Təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 22 media qurumundan nümayəndələr iştirak edib.
İştirakçılara müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi prosesinin yekun tibbi müayinələri barədə ətraflı məlumat verilib. Onlara Tibbi Qiymətləndirmə Komissiyasının müayinə nəticələrinin kateqoriyalar üzrə təsdiqlənməsi mexanizmi izah olunub.
Təlim zamanı iştirakçılar Komissiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat alıb, praktiki nümunələrlə tanış olublar. Daha sonra jurnalistlərin sualları cavablandırılıb və sosial sahədə informasiya mübadiləsinin gücləndirilməsi yolları müzakirə olunub. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
"Sosial Jurnalistika" təlimlərinin keçirilməsində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahəsinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.