Zibil poliqonundan ətrafa yayılan təhlükə

Lənkəran rayonunda məişət tullantılarının atıldığı zibil poliqonundakı antisanitar vəziyyət ətrafda yaşayan sakinləri narahat edir.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, bu zibil poliqonu 1980-ci ildə yaradılıb.

Vaxtilə burada kiçik bir sahədə məişət tullantılarının emalı müəssisəsinin yaradılması nəzərdə tutulsa da, lakin sonra icra olunmayıb. 40 il ərzində burada yığılan məişət tullantılarının səmərəli şəkildə utilizasiyası mümkün olmadığından nəticədə Göyşaban, Ürgə və Girdəni kəndlərinin ekoloji vəziyyətinə və ümumilikdə ətraf mühitə təhlükə yaranır.

Biz hələ ərazidə tullantılarla qidalanan mal-qaradan, bu heyvanlardan alınan ət və süd məhsullarının keyfiyyətindən, sağlamlığımız üçün yarana biləcək təhlükədən, torpağın və havanın nə qədər zəhərlənməsindən, eləcə də suötürücü kollektorlara axan çirkabın Xəzərə tökülərək ekoloji fəlakətlərə yol açmasından danışmırıq.

Lənkəran Şəhər İcra Hakimiyyətindən “Report”un Cənub Mərkəzinə verilən məlumata görə, ərazidə məişət tullantılarının utilizasiyası üçün müasir standartlara cavab verən zavod tikiləcək:

“2020-2023-cü illərin Dövlət İnvestisiya Proqramında Lənkəran rayonunda məişət tullantılarının utilizasiyası üçün zavodun tikintisi nəzərdə tutulub. Zavod fəaliyyətə başladıqdan sonra orada istehsal gücü 10 min m3 olan məişət və qeyri-məişət tullantılarının utilizasiyası mümkün olacaq”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37