Xəzərin çirklənməsinin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb

Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün maraqlı və məsul tərəflərin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti görüş keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, “Azərsu” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azersun Holding” MMC, SOCAR, Azərkimya İstehsalat Birliyi, Beynəlxalq Dəniz Ticarət Limanı, BP şirkəti, “Metanol” MMC, “AzGerneft” MMC, Neft Emalı Zavodu, “Azər Yod” MMC və s. idarə, müəssisə və şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması, müasir texnoloji yeniliklərin tətbiqi istiqamətində müzakirələr aparılıb.

ETSN-in ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib ki, müzakirələrdə nazirliyin mütəxəssisləri tərəfindən Xəzərin çirklənməsinin qarşısının alınması yolları göstərilib, tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib: "Müasir tələblərə cavab verən təmizləyici qurğuların tətbiqi olmadan çirklənmənin qarşısının alınmasının mümkünsüzlüyü diqqətə çatdırılıb. Eyni zamanda, Xəzərin ekomühitinin mühafizəsi üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, müəssisə və təşkilatların üzləşdikləri çətinliklərin aradan qaldırılmasında Nazirliyin maraqlı olduğu qeyd edilib."

Nazirlik rəsmisinin sözlərinə görə, Xəzəri çirkləndirən obyekt, müəssisə və şirkətlərə fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurmaları üçün bir daha təkliflər və tövsiyələr verilib. Sonra görüş iştirakçılarının çıxışları, müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34