Bakı. 28 sentyabr. REPORT.AZ/ "Bu ilin yanvarından indiyədək Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili su hövzələrində 10 hüquqi və 126 fiziki şəxs üçün 1087 ton kilkə, 88.7 ton siyənək və 397.1 ton axçalı balıqların ovuna ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən kvotalar ayrılıb və balıqovlama biletləri verilib. Sənədləri qaydasında olmadığından 2 fiziki şəxsə etiraz olunub".
"Report" xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Suqra İbrahimli keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama biletinin alınması balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir: "Qanunvericiliyə əsasən, balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama bileti ödənişlidir və bir il müddətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 №-li Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na görə balıq və digər su bioresurslarının sənaye ovuna kvota ayrılması və balıqovlama biletinin verilməsi proseduru iki mərhələdən ibarətdir. Birinci mərhələdə kvota alınması üçün balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslər ərizə formasını doldurmalı, ov ediləcək yerləri göstərməli, kvotanın balıq növləri üzrə bölgüsünü və ov alətlərinin briqadalar üzrə bölgüsünü göstərməlidir. Eyni zamanda mülkiyyətində və icarəsində olan gəmi və ya qayığa istifadə hüquqlarını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilir və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə təqdim olunur. Kvota ayrılmasına razılıq verildikdən sonra kvotanın dəyəri departamentin bank hesabına ödənilir. Qeyd edək ki, ödənişin məbləği hər balıq növü üzrə ayrıca hesablanır. Xarici vətəndaşlar üçün məbləğ iki dəfə artıqdır. İkinci mərhələdə artıq kvotanı almış balıqçı mütləq qaydada ETSN-in http:/www.eco.gov.az rəsmi saytının elektron xidmətlər bölməsindən “Sənaye balıq ovuna balıqovlama biletlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” bəndində göstərilən ərizə formasını doldurur, tələb olunan sənədləri əlavə edir və 5 gün müddətində balıqovlama biletini ala bilir. Əgər hər hansı balıqçı balıqovlama biletinin alınması ilə bağlı çətinliklə rastlaşarsa, departamentimizə və ya Nazirliyin 168 nömrəli "Qaynar xətt"inə müraciət edə bilər. Bütün prosedur şəffaf şəkildə elektron qaydada həyata keçirilir, hazırda balıqovlama bileti almaq istəyən şəxslər üçün heç bir maneə yoxdur".
S.İbrahimli bildirib ki, Nazirliyin əməkdaşları tərəfindən mütəmadi olaraq yerlərdə balıqçılarla görüşlər keçirilir, onlara balıqovlama biletinin alınması ilə bağlı qaydalar, inzibati reqlament izah olunur, balıqovlama qaydaları və qadağalar barədə maarifləndirici məlumatlar verilir: "Bilet almış balıqçıların kvotaya uyğun ov etmələrinə, qadağan olunmuş ov alətlərindən, o cümlədən sintetik tordan, qarmaqbatırma alətindən, elektrik aparatından, kimyəvi və partlayıcı maddələrdən istifadə olunmamasına Su Hövzələrində Bioresursların Mühafizəsi Xidmətinin müfəttişləri tərəfindən nəzarət edilir . Bu qaydalara əməl etməyən balıqçılar barəsində qanunamüvafiq tədbirlər görülür, hətta balıqovlama biletinin ləğv olunmasınadək tənbeh növləri tətbiq edilir".
ETSN rəsmisi qeyd edib ki, departamentin mühafizə xidməti tərəfindən yerlərdə balıqovlama qaydalarına düzgün riayət olunması məqsədilə reydlər keçirilir və balıqçıların fəaliyyətinə daim nəzarət olunur: "Əgər əməkdaşlarımızın keçirdiyi reydlərdə ictimaiyyət nümayəndələri, media təmsilçiləri də iştirak etmək istəyərsə, bunun üçün heç bir maneə yoxdur və öz tərəfimizdən arzu edənləri bu tədbirlərdə iştiraka dəvət edirik. Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən dəniz sıfı, poru balığı, qaya balığı (kələmo), qızıl xallı balıq (farel), Xəzər qızıl balığı, qılınc balıq, zərdəpər, Xəzər şirbidi, Şirvan külməsi kimi balıq növlərinin, eyni zamanda nərə cinsli balıqların ovu qadağan edilib. Bu qaydaların və qadağaların sənaye balıq ovu ilə məşğul olan şəxslər tərəfindən nəzərə alınması vacibdir və hesab edirik ki, hər bir balıqçı su bioresurslarının qorunmasına və mühafizəsinə məsuliyyətlə yanaşaraq onların qaydalar çərçivəsində ovlanmasına əməl edəcək. Bir daha balıqçılara üzümüzü tuturuq və müraciət edirik ki, ölkəmizin balıq ehtiyatlarının istifadəsi zamanı israfçılığa yol verməyin, qadağan olunmuş balıq növlərini ovlamayın. Gələcək nəsillər üçün onun qorunmasında və mühafizəsində iştirak edin. Vətəndaşlarımızdan da artıq dərəcədə xahiş edirik ki, su bioresurslarının mühafizəsində və qorunmasında bizə dəstək göstərsinlər. İctimai nəzarət nə qədər güclü olsa, balıq ehtiyatlarının mühafizəsi, qorunması da o qədər asan olar. Hər kəsi Nazirliyimizin bu yöndə fəaliyyətinə kömək göstərməyə çağırırıq".