İşğaldan azad edilmiş ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə stansiyalar yaradılır.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu şəhərdə keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupunun rəhbəri Vüqar Kərimov deyib.
O, azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin yaradılması istiqamətində aşağıdakı işlərin görüldüyünü bildirib:
"Hidrometeoroloji müşahidə şəbəkəsinin yaradılması çərçivəsində yerüstü su ehtiyatlarının qiymətləndirilməsi üçün 10 çay üzərində 11 avtomat hidroloji, həmçinin bu ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 6 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq isifadəyə verilib".
V.Kərimov həmin ərazilərdə geoloji qiymətləndirmə işlərinin yekunlaşdığını qeyd edib:
"Eyni zamanda, Zəngilan rayonu ərazisində Cahangirbəyli, Xurama qum-çınqıl yataqlarında, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında və Qubadlı rayonu ərazisində Muradxanlı qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdırılaraq müxtəlif tikinti və yol infrastrukturlarının qurulması sektorlarında istifadəyə verilib".