Bakı. 7 dekabr. REPORT.AZ/ "Azərbaycan ərazisində indiyədək aparılan geoloji-kəşfiyyat işləri nəticəsində 1004 ədəd filiz, qeyri-filiz, yeraltı su yataqları aşkar olunub".
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi" mövzusunda keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, ölkənin bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı qazıntı və tikinti inşaat materialları yataqları aşkarlanıb: "Respublika ərazisində sənaye potensialı olan 228 qeyri-filiz yataqları mövcuddur. Onlardan səmərəli şəkildə yararlanmaq iqtisadiyyatın, o cümlədən sənayenin inkişafında mühüm rol oynayacaq".
Nazir qeyd edib ki, əsas məqsədləri ehtiyatlar balansında qeydiyyata alınmış mineral xammal yataqlarının istismara cəlb olunması və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir.