İqlimlə bağlı qanunvericilik aktlarının hazırlanması planlaşdırılır

"İqlim dəyişmələrinə Uyğunlaşma və Milli Uyğunlaşma Planına dəstək layihəsi çərçivəsində Azərbaycanda iqlimə həssas olan 20 şəhər və rayon müəyyən olunub. Onların müəyyən edilməsində əsasən orta iqlim göstəriciləri, temperatur, quraq illər, yağıntıların miqdarı, həmçinin, adaptasiya potensialı nəzərə alınıb".

"Report" xəbər verir ki, bunu BMT-nın İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məlumatlar əsasında iqlim dəyişmələrinə həssaslıq indeksi hazırlanıb, layihə çərçivəsində, həmçinin iqlim qanunvericiliyi ilə bağlı boşluqlar analiz edilib və təkliflər verilib:

"Təkliflər əsasında bəzi qanunvericilik aktlarının hazırlanmasını planlaşdırırıq. Burada iqlim dəyişmələri şəraitində suvarmadan normativ istifadə qaydaları, sudan səmərəli istifadə ilə bağlı qanunvericilik aktları, sahilyanı ərazilərin müəyyən olunması ilə bağlı hüquqi sənədlər var. Növbəti aylarda qanunvericilik paketi hazır olduqdan sonra layihənin partnyorları ilə birgə hökumətə təqdim ediləcək. Həmçinin, Azərbaycanda iqlimə adaptasiya tədbirlərinin maliyyə qiymətləndirilməsi ilə bağlı təlimatlar hazırlanıb. Növbəti ildən isə həmin təlimatlar da hökumətə təqdim olunacaq".

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58