Azərbaycanda Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun yaradılması təklif edilib

Azərbaycanda Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun yaradılması təklif edilib.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində" adlı panel sessiyada çıxış edib.

O təklif edib ki, dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişikliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda, Xəzər dənizində hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət daşıyır:

"Bu məqsədlə Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu kimi yeni bir institutun yaradılmasına ehtiyac var. Xəzəryanı dövlətlərdən bir neçəsində artıq bu yaradılıb və tədqiqatlarla məşğul olurlar. Məncə, bu faydalı ola bilər".

Komitə sədri əlavə edib ki, Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsi aktual məsələlərdəndir:

"Bu problemə bu günün məsələsi kimi baxmaq olmaz. Xəzər gələcək üçün də böyük əhəmiyyət kəsb edir. Xəzərdə duzluluğun, su səviyyəsinin, temperaturun, biomüxtəlifliyin daimi monitorinqi zəruridir və hər monitorinqin sonunda bunun elmi əsasları işlənməlidir".

S.Qurbanov vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalması Azərbaycanda sahildə yeni torpaq sahələrinin yaranmasına səbəb ola bilər:

"Əgər su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən - 30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması Nabran–Şabran zonasında 4–5 kilometr, Sanqaçal–Ələt zonasında 10–12 kilometr, Lənkəran–Astara zonasında isə 2–3 kilometr təşkil edə bilər".

Deputat, həmçinin qeyd edib ki, Azərbaycanda 2007-2025-ci illərdə orta istilik normaya nisbətən 1,3 dəfə artıb. Yalnız 2025-ci ildə artım 1,8 dərəcə təşkil edib. Son altı ildə ən yüksək temperatur 2021-ci ildə 44,2 dərəcə, 2025-ci ildə isə 42,9 dərəcə olub.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34