Zelenski Modi ilə Qara dənizdə taxıl dəhlizinin açılmasını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı zamanı Qara dənizdə taxıl dəhlizinin fəaliyyətinin bərpası məsələsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri özünün Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, tərəflər Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətində diplomatik səyləri və Hindistanın bu prosesə töhfə verə biləcəyi sahələri müzakirə ediblər.

"Belə istiqamətlərdən biri ərzaq təhlükəsizliyi ola bilər. Rusiyanın Qara dənizdə taxıl ixracını necə blokladığını müzakirə etdik. Hindistan ərzaq dəhlizlərinin yaradılmasında vasitəçilik etməyə hazırdır və bu istiqamətdə səylərin davam etdiriləcəyinə ümid edirik", – Zelenski bildirib.

O vurğulayıb ki, Rusiya dəniz yollarının bloklanmasının həm öz iqtisadiyyatına, həm də müxtəlif ölkələrdə yüz milyonlarla insana zərər vurduğunu anlamalıdır.

Zelenski əlavə edib ki, bu və digər ikitərəfli məsələlərlə bağlı tərəflərin nümayəndə heyətləri əlaqə saxlayacaqlar.

Hindistanın Baş naziri Narendra Modi də telefon danışığından sonra "X" sosial şəbəkəsində paylaşım edərək Dehlinin Moskva ilə Kiyev arasında münaqişənin nizamlanmasına hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

"Zelenski ilə məhsuldar telefon danışığı apardığıma şadam. Davam edən münaqişə, humanitar məsələlər və sülhün bərqərar olması istiqamətində səylərlə bağlı mövqeyini bölüşdüyünə görə ona təşəkkür etdim", – Modi qeyd edib.

Hindistanın Baş naziri ölkəsinin münaqişənin sülh yolu ilə həllinə bütün mümkün vasitələrlə töhfə vermək öhdəliyinə sadiq olduğunu bir daha vurğulayıb.

Digər xəbərlər