Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 2025-ci ilin əvvəlindən Rusiya ərazisində neft hasilatı və emalı obyektlərinə bir sıra uğurlu zərbələr endirib.
"Report"un "İnterfaks-Ukrayna"ya istinadən məlumatına görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi Vasili Malyuk ölkə Prezidenti Volodimir Zelenski ilə birgə brifinqdə bildirib.
O qeyd edib ki, ilin əvvəlindən Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın neft hasilatı və emalı obyektlərinə qarşı təxminən 160 uğurlu hücum həyata keçirib: "Əgər bu ilin sentyabr və oktyabr aylarından danışsaq bu, altısı neft emalı zavodu, ikisi neft terminalı, üçü neft bazası və doqquzu neft nasos stansiyası daxil olmaqla 20 obyektdən ibarətdir".