Ursula fon der Lyayen: Avropa İttifaqının son məqsədi Ukrayna üçün sülhdür

Avropa İttifaqı (Aİ) Şurasının son məqsədi Ukrayna üçün sülhdür.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ Şurasının ikigünlük iclası başlamazdan əvvəldə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, bunun üçün növbəti iki il üzrə (2026-2027-ci illər) maliyyələşdirmənin təmin edilməsi lazımdır.

Avropa Komissiyasının rəhbəri bu məsələ ilə bağlı təklif olunan iki variantı (birgə borc hesabına maliyyələşdirmə və təzminat krediti) yenidən səsləndirib.

"Bu gün bu iki variantdan hansını istifadə edəcəyimiz barədə fikir mübadiləsi aparacağıq. Bu, intensiv müzakirə olacaq. Mənim üçün vacib olan odur ki, sonda Ukrayna üçün maliyyələşdirməni təmin edək", - fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Ukraynanın növbəti iki il üçün maliyyələşdirilməsi barədə qərar qəbul edilmədən iclasın başa çatmayacağını bildirən Aİ Şurasının prezidenti ilə həmrəydir.

"Söhbət 137 milyard avrodan (Ukraynaya 2026-2027-ci illərdə lazımdır - red.) gedir. Bu bizim və Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsidir. Biz bu məbləğin üçdə ikisini, 90 milyard avronu qarşılayacağımıza dair öhdəlik götürmüşük", - Ursula fon der Lyayen əlavə edib.

Digər xəbərlər