Türkiyə və Macarıstan müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirir

Türkiyə və Macarıstan Avropanın dəyişən təhlükəsizlik ehtiyacları kontekstində müdafiə sahəsində birgə layihələri müzakirə edirlər.

"Report"un TRT Haber-ə istinadla verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Macarıstanın Baş naziri Viktor Orbanla keçirilən danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bildirib.

"Biz mövcud iqtisadi və ticarət mexanizmlərindən maksimum səmərəli istifadə etməyə qərar verdik. Müdafiə sənayesi sahəsində konkret layihələr vasitəsilə həyata keçirilən strateji tərəfdaşlığımızın ticarət və investisiyalara müsbət təsirini də görürük. Avropada dəyişən təhlükəsizlik şəraitini nəzərə alaraq, müdafiə sənayesində əməkdaşlığımızı daha yüksək səviyyəyə çıxaracaq birgə istehsalı nəzərdə tutan layihələrin həyata keçirilməsi perspektivlərini dəyərləndiririk", – deyə o vurğulayıb.

Ticarət-iqtisadi münasibətlərə toxunan Ərdoğan bildirib ki, ölkələr 6 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi hədəfinə çatmağa yaxındır. "Ölkələrimiz arasında böyük ticarət potensialını nəzərə alaraq, bu hədəfin yenilənməsini müzakirə etdik ki, ticarət dövriyyəsini 10 milyard ABŞ dolları səviyyəsinə çıxaraq", – deyə o əlavə edib.

Mətbuat konfransından əvvəl Ərdoğan və Orban Türkiyə-Macarıstan yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclasını keçiriblər.

Digər xəbərlər