"Dron divarı" ideyası real deyil.
"Report"un məlumatına görə, bunu Rumıniyanın müdafiə naziri Radu Miruçe "Digi 24" telekanalına müsahibəsində bildirib.
"Bizdə hələlik belə divar yoxdur. Polşada və ya şimal ölkələrində divar yoxdur. Bu dron divarı kiminsə kompüter oyununda olduğu kimi, heç bir şeyin nüfuz etmədiyi pərdəni endirməsidir - bu utopiyadır. Belə bir şey yoxdur", - müdafiə naziri qeyd edib.
Miruçe əlavə edib ki, Rumıniya Ordusu PUA-ların ölkəyə daxil olmasının qarşısını almaq üçün vəziyyətdən asılı olaraq hava hücumundan müdafiə avadanlıqlarını daim hərəkət etdirir. "Biz Dunayın o biri tərəfində baş verənlərdən asılı olaraq yaşayış məntəqələrini qoruyur və yerüstü avadanlıqları hərəkət etdiririk", - o bildirib.
Müdafiə naziri Rumıniyanın əks-PUA sistemi olduğunu təsdiqləyib, lakin o, hələ tam işlək vəziyyətdə deyil. "Onun milli sistemə inteqrasiyası üçün hələ işlər görülməlidir", - o izah edib. Nazir əlavə edib ki, onun digər dron əleyhinə sistemlərlə müəyyən uyğunluq məhdudiyyətləri var. "Hər şeyi əhatə edəcək bir sistemdən danışmırıq. Yəni, sistemin işə düşdüyü gündən sonrakı gün artıq problemin olmayacağını deməyəcəyik" - Miruçe vurğulayıb.