Mixaylo Podolyak: Zelenski ikinci prezidentlik müddətinə namizədliyini verməlidir

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak hesab edir ki, Prezident Volodimir Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir.

"Report"un Şərqi Avropa bürosuna müsahibəsində M.Podolyak bildirib ki, prezidentin ikinci müddətə seçilib Ukraynanın bərpası proqramına, Avropa İttifaqına reinteqrasiyası proqramlarına və sair məsuliyyəti daşımağa davam etməsinin tərəfdarıdır:

"Mən qətiyyətlə deyirəm ki, prezident ikinci müddətə namizədliyini irəli sürməlidir. Reytinqə gəlincə bu cəmiyyətlə müzakirə anlayışıdır. Çünki reytinq hər gün qəbul edilən qərarlardan asılıdır. Prezident isə çoxlu, o cümlədən çətin qərarlar qəbul edir. Təbii olaraq, hamının bildiyi məlum korrupsiya məsələsi də reytinqə təsir edir. Lakin məsələ çətin vəziyyətdə səmərəli qərarlar və prezidentin məsuliyyəti daşımaq hazırlığıdır. İnsanlar bunu çox yaxşı görür və başa düşürlər".

M.Podolyak hesab edir ki, V.Zelenski başlatdığı bütün layihələri sona çatdırmalıdır.

"Əminəm ki, prezident bu fasilə dövründə ölkənin müdafiə qabiliyyətinin kəskin artımını təmin edəcək. Bu həmçinin təhlükəsizliyin təminatı olacaq. Yəni o bir çox prosesləri sürətləndirəcək və müvafiq olaraq Ukrayna hərbi nöqteyi-nəzərdən tamamilə fərqli görünəcək"- M.Podolyak deyib.

Digər xəbərlər