Meksikanın hərbi təyyarəsi ABŞ-də qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

Texasda eniş edərkən Meksika Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər ölüb, bir nəfər itkin düşüb.

"Report"un məlumatına görə, bu barədə Meksikanın ABŞ-dəki Konsulluğu açıqlama yayıb.

Məlumata görə, ölənlərdən üçü və itkin düşən bir nəfər HDQ-nin hərbi qulluqçularıdır. Ölən digər iki nəfər təyyarə ilə təxliyə edilən xəstə və onun həkimidir. Xəstənin müşayiətçisi və tibb bacısı sağ qalıb.

Meksika Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, "King Air ANX 1209" təyyarəsi humanitar missiya ilə Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş edərkən qəzaya uğrayıb. ABŞ-nin Sahil Mühafizəsi ilə birgə axtarış-xilasetmə əməliyyatı aparılır.

Nazirlik əlavə edib ki, qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başlanıb və lazımi prosedurlar tamamlanması üçün Hyustondakı Meksika Konsulluğu ilə koordinasiyalı fəaliiyyət həyata keçirilir.

Meksikanın tibbi yardım missiyasını yerinə yetirən Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus təyyarə ABŞ-nin Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş etməyə yaxınlaşarkən qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə qurumun "X"dəki səhifəsində bildirilib.

"Meksikanın Hərbi Dəniz Qüvvələri Nazirliyi bildirir ki, tibbi yardım missiyası yerinə yetirən HDQ-yə məxsus təyyarə Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş etməyə yaxınlaşarkən qəzaya uğrayıb", - açıqlamada bildirilib.

Nazirlik hadisədən sonra axtarış və xilasetmə protokollarının ABŞ-nin yerli hakimiyyəti ilə koordinasiyalı şəkildə dərhal aktivləşdirildiyini qeyd edib.

Texasın "The Daily News" nəşrinin məlumatına görə, Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə bu ölkənin Nuevo-Leon ştatının Monterrey şəhərindən Texasın Qalveston şəhərinə tibbi reys həyata keçirirmiş. Təyyarə sıx duman və məhdud görmə şəraitində Skoulz Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayıb. Təyyarədə səkkiz nəfər - iki pilot və bir uşaq da daxil olmaqla altı sərnişin olub. Təyyarə Qalveston körfəzinə düşüb.

Digər xəbərlər