Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək

Livan oktyabrın 20-22-də ABŞ-nin Florida ştatının Tampa şəhərində keçiriləcək ABŞ və İsrail silahlı qüvvələrinin nümayəndələri ilə görüşə nümayəndə heyəti göndərəcək.

"Report" xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun bildirib.

Onun sözlərinə görə, danışıqlar ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) himayəsi altında keçiriləcək. "İsrail tərəfindən təhlükəli gərginliyin artmasının qarşısını almaq üçün hərbi ekspertlərin görüşündə iştirak edəcəyik", – Livan lideri vurğulayıb.

Cozef Aun oktyabrın 17-də Baabda prezident sarayında keçirilən danışıqlarda Fransa nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Jan-Noel Barro ilə də Livanın cənubundakı vəziyyəti müzakirə edib.

Görüş zamanı Livan prezidenti İsraili iyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinin şərtlərini pozmaqda ittiham edib: "İşğalçı qüvvələr cənubdakı şəhər və kəndlərə hücumlarını davam etdirir, evləri buldozerlərlə dağıdır, fermerlərin məhsul yığmaq üçün torpaqlarına çıxışına mane olurlar".

Onun sözlərinə görə, İsrail hərbçilərinin Livan ərazisində qalması cənub sərhədində gərginliyi artırır və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq Livan ordusunun yerləşdirilməsinə mane olur.

Prezident Litani çayının cənubundakı ərazilərdən sülhməramlıların indiki şəraitdə çıxarılmasının təhlükəsizlik sahəsində ciddi boşluq yaradacağı barədə xəbərdarlıq edib: "Ümid edirik ki, Təhlükəsizlik Şurası BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin mandatının 2027-ci ilin sonunadək uzadılması ilə bağlı müraciətimizə müsbət cavab verəcək".

Fransanın xarici işlər naziri Jan-Noel Barro isə Parisin Livanın suverenliyini və sabitliyini dəstəklədiyini təsdiqləyib. O, həmçinin Fransanın ölkənin təcili humanitar ehtiyaclarının qarşılanması üçün zəruri resursları səfərbər etməyə hazır olduğunu bildirib.

Digər xəbərlər