İsrail Müdafiə Qüvvələri (IDF) yenidən Livanın cənub sakinlərini "Hizbullah"a qarşı döyüş əməliyyatları ilə əlaqədar şimala təxliyə olmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə İsrail KİV-i ordu nümayəndəsi polkovnik Avixay Adraiyə istinadən məlumat yayıb.
"Livanın cənub rayonlarının sakinlərinə təcili xəbərdarlıq: siz dərhal Litani çayından şimala doğru hərəkət etməyə davam etməlisiniz. Bir daha vurğulayırıq ki, xəbərdarlıq Tir və Bint-Cübeyl şəhərlərinin sakinlərinə də aiddir", - o bildirib.
İsrail tərəfinin qiymətləndirmələrinə görə, indiyə qədər Livanın cənubundakı kəndlərdən 300 mindən çox livanlı dinc sakin təxliyə olunub.
İsrail Müdafiə Qüvvələrinin hesablamalarına görə, 2024-cü ildə İsrail və "Hizbullah" arasında hərbi əməliyyatlar zamanı təxminən 1,2 milyon livanlı evlərini tərk edib.