İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib.

"Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik qüvvələrinin media mərkəzinin rəhbəri general Saad Maan bildirib.

Onun sözlərinə görə, kampaniyanın başlanmasından bəri güc strukturlarının xüsusi əməliyyatları da daxil olmaqla, 1 milyon 191 min 441 ədəd odlu silah və müxtəlif tipli 11 milyondan çox döyüş sursatı müsadirə edilib.

Bundan əlavə, hüquq-mühafizə orqanları 201 mindən çox raket və bomba müsadirə edib.

"Təkcə ötən həftə 8,7 mindən çox silah qeydiyyata alınıb", - Maan qeyd edib.

O dəqiqləşdirib ki, tədbirlər İraq Daxili İşlər Nazirliyi yanında silah dövriyyəsinin tənzimlənməsinə və onun dövlət nəzarətinə verilməsinə cavabdeh olan xüsusi milli komitənin nəzarəti altında həyata keçirilir.

Generalın sözlərinə görə, əldə olunan nəticələr qanunsuz silah dövriyyəsinə qarşı mübarizədə və dövlət sistemindən kənar fəaliyyət göstərən silahlı birləşmələrin ləğvi istiqamətindəki səylərdə irəliləyişdən xəbər verir.

Digər xəbərlər