İlon Mask: Trampın adı azyaşlıların cinsi istismarı ilə bağlı sənədlərdə yer alır – buna görə onlar ictimailəşdirilmir

Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın adının insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Ceffri Epstaynın işi ilə bağlı sənədlərdə çəkildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə amerikalı milyarder sahibi olduğu “X” sosial şəbəkəsində yazıb.

“Əsl bombanı partlatmaq vaxtıdır: Tramp Epstayn işinin fayllarında var. Məhz buna görə onlar ictimaiyyətə açıqlanmayıb. Xeyirli olsun, D. C. T. (Donald Con Tramp – red.)!”, – o vurğulayıb.

Qeyd edək ki, Ceffri Epstayn 2019-cu ildə cinsi istismar məqsədilə yetkinlik yaşına çatmayanların alverini təşkil etməkdə ittiham olunaraq həbs edilmişdi. Onun həbsxanada ölümündən sonra, xüsusilə Epstaynın siyasətçilər, milyarderlər və digər nüfuzlu şəxslərlə əlaqələri səbəbindən iş ətrafında bir çox konspiroloji nəzəriyyələr yaranmışdı.

Mask əvvəllər dəfələrlə istintaq materiallarında adı keçən şəxslərin tam siyahısının dərc olunmasına çağırış etmişdi.

Trampın nümayəndələri hələlik Maskın bəyanatını şərh etməyiblər.

Digər xəbərlər