FTB axtarışda olan iki cinayətkarı Meksikadan ABŞ-yə aparıb

Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel Meksikaya səfərini başa vurub və özü ilə birlikdə ABŞ-yə axtarışda olan iki cinayətkarı aparıb.

"Report" xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuş "X" sosial şəbəkəsində yazıb.

"FTB direktoru Birləşmiş Ştatlara yola düşdü, özü ilə iki prioritet hədəfi apardı: Meksika hakimiyyəti tərəfindən saxlanılan və FTB-nin ən çox axtarılan on nəfər siyahısına daxil olan əcnəbini, həmçinin dünən ABŞ səfirliyinə könüllü təslim olan Kanada vətəndaşını", - paylaşımda qeyd olunub.

Qarsiya Harfuşun sözlərinə görə, FTB rəhbərinin səfəri iki ölkənin hökumətləri arasında yanvarın 22-də əldə olunmuş razılaşmaların davamıdır. Səfər zamanı Patel İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyinin rəhbərliyi, həmçinin respublikanın Baş Prokurorluğunun nümayəndələri ilə görüşlər keçirib.

Nazir bildirib ki, tərəflər zorakılıq törədənlərin və hər iki dövlətin təhlükəsizliyinə təhdid yaradan şəxslərin həbsi üçün əlaqələndirilmiş əməliyyatların sayı artırılacaq. Qarsiya Harfuş vurğulayıb ki, qarşılıqlı fəaliyyət suverenlik və ərazi bütövlüyünə tam hörmət prinsipləri əsasında qurulur.

Tərəflər koordinasiyanın gücləndirilməsini və əməliyyat məlumatlarının mübadiləsini davam etdirmək barədə razılığa gəliblər. "Hörmət və məsuliyyət bu əməkdaşlığın rəhbər prinsipləri olaraq qalacaq", - Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri fikrini yekunlaşdırıb.

Digər xəbərlər