Fon der Lyayen: Aİ Rusiya əleyhinə sanksiyaların 22-ci paketi üzərində işləyir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 22-ci paketi üzərində işləyir və bu təzyiqi davam etdirəcək.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ Şurasının iclası başlamazdan əvvəl jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya Prezident Tramp tərəfindən elan edilmiş və Aİ tərəfindən dəstəklənən enerji atəşkəsi rejiminə riayət etmir: "Bunun əvəzinə o, eskalasiyanı artırıb ki, bu da Moskvaya qarşı təzyiqin gücləndirilməsini tələb edir. Biz 22-ci sanksiyalar paketi üzərində işləyirik və bir şey tamamilə aydındır: Rusiya müharibəni dayandırmayana qədər biz heç bir sanksiyanı ləğv etməyəcəyik".

Onun sözlərinə görə, Aİ həmçinin Ukraynanın təkcə 2026-cı il üçün deyil, həm də 2027-ci il üçün maliyyə, büdcə və hərbi ehtiyaclarını müzakirə edəcək.

Fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı Rusiyanın enerji və su infrastrukturuna hücumları fonunda Ukraynaya qışa hazırlaşmaqda kömək edəcək.

Sammitin ikinci günündə Aİ liderləri Prezident Vladimir Zelenskinin iştirakı ilə Ukraynaya dəstəyi, Avropanın müdafiəsi və təhlükəsizliyini, Yaxın Şərqdəki vəziyyəti və miqrasiyanı müzakirə edəcəklər.

Digər xəbərlər