Çinin şərqindəki Szyansu əyalətində pirotexniki vasitələrin satışı mağazasında baş verən partlayış nəticəsində azı səkkiz nəfər ölüb, daha iki nəfər isə yanıq xəsarəti alıb.
"Report"un xəbərinə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə Lyanyunan şəhər dairəsinin Dunhay rayonunda baş verib. Yerli sakinlərdən biri pirotexniki vasitələrin satışı mağazasının yaxınlığında atəşfəşanlıq nümayiş etdirərək partlayışa və sonra yanğına səbəb olub. Yanğınsöndürənlər partlayışdan bir saat yarım sonra yanğını söndürüblər.
Polis hadisəyə görə məsuliyyət daşıyan şəxsi saxlayıb. Hadisənin səbəbi ilə bağlı əlavə araşdırmalar davam edir.