Cənubi Koreya hakimiyyəti Şimali Koreyanın raket buraxılışından sonra təcili iclas keçirib

Koreya Respublikası Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi Şimali Koreyanın ballistik raketlər buraxmasından sonra təcili iclas keçirib.

"Report" xəbər verir ki, bu barədə Cənubi Koreya liderinin ofisi məlumat yayıb.

Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi məqsədilə çağırılan iclasda Koreya Respublikası Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndələri iştirak ediblər.

Cənubi Koreya səlahiyyətliləri ballistik raket buraxılışlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu bildirib və Pxenyanı bu fəaliyyəti dayandırmağa çağırıb.

Qeyd edək ki, Şimali Koreya yerli vaxtla səhər saat 7:50-də (Bakı vaxtı ilə 02:50) Pxenyanın kənarından Yapon dənizinə doğru bir neçə ballistik raket atıb. Raketlər dənizə düşməzdən əvvəl təxminən 900 km qət edib.

Bu, 2026-cı ilin ilk ballistik raket buraxılışı olub. Əvvəlki hadisə ötən ilin noyabr ayının 7-də baş tutub. Bütövlükdə Şimali Koreya 2025-ci ildə cəmi 6 dəfə ballistik raketlər buraxıb. Cənubi Koreya ordusu döyüş hazırlığını davam etdirdiyini və hazırkı raket uçuşunu təhlil etdiyini bildirib.

Digər xəbərlər