ABŞ qoşunları İrana qarşı hərbi əməliyyatlar başlayandan bəri 9 mindən çox hədəfi məhv edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Hərbçilər qeyd ediblər ki, zərbələr nəticəsində 140-dan çox İran hərbi gəmisi məhv edilib və ya zədələnib.
Bildirilib ki, əməliyyatlara çoxsaylı qırıcılar, strateji bombardmançılar, aviadaşıyıcılar, raket esminesləri, sualtı qayıqlar, "Patriot" zenit-raket kompleksləri və "THAAD" raket hücumundan müdafiə sistemləri cəlb olunub.
Həmçinin qeyd olunub ki, Amerika qoşunları əvvəlki kimi diqqətini İranın ballistik raketlərinin, pilotsuz uçuş aparatlarının, hərbi dəniz təhdidlərinin ləğvinə və hərbi sənaye bazasının məhv edilməsinə cəmləyib.
ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.