Britaniya "Həyat Təhrir əş-Şam"ı terror təşkilatları siyahısından çıxarıb

Böyük Britaniya Suriyanın yeni rəhbərliyi ilə əməkdaşlığı dərinləşdirmək üçün "Həyat Təhrir əş-Şam"ı terror təşkilatları siyahısından çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici və Daxili İşlər Nazirliklərinin yaydığı birgə bəyanatda bildirilib.

"Hökumətin Həyat Təhrir əş-Şam"ı qadağan olunmuş terror təşkilatları siyahısından çıxarmaq qərarı Suriyanın yeni hökuməti ilə daha sıx əlaqələri asanlaşdıracaq və Böyük Britaniyanın həm xarici, həm də daxili siyasətində - terrorla mübarizədən tutmuş miqrasiya və kimyəvi silahların ləğvinə qədər prioritetlərini dəstəkləyəcək", - deyə məlumatda bildirilib.

Vurğulanıb ki, ABŞ-nin iyul ayında atdığı oxşar addımı əks etdirən qərar, 2000-ci il Terrorizm Aktının qadağan müddəalarının, o cümlədən təşkilata üzvlük üçün cinayət məsuliyyəti və ona dəstək üçün vəkillik etmənin "Həyat Təhrir əş-Şam"a şamil edilməyəcəyi deməkdir.

Böyük Britaniya və Suriya arasında münasibətlər 2011-ci ildə bu ölkədə vətəndaş müharibəsinin başlamasından sonra kəskin şəkildə pisləşib. Bu münaqişədə London müxalifətin tərəfini saxlayıb. 2012-ci ilin yanvarında Krallıq diplomatlarını Dəməşqdən təxliyə edib.

2024-cü ilin noyabr ayının sonlarında müxalifət qrupları Suriya "ordu"sunun mövqelərinə qarşı yeni genişmiqyaslı hücuma başlayıb. Həmin il dekabrın 8-də onlar Dəməşqə daxil olublar və Bəşər Əsəd prezident vəzifəsindən istefa verib, sonra ölkədən qaçıb. 2025-ci ilin yanvar ayının sonlarında yeni hakimiyyət orqanları "Həyat Təhrir əl-Şam"ın lideri Əhməd əl-Şaraanın keçid dövründə prezident səlahiyyətlərini icra edəcəyini açıqlayıb.

Mart ayında Böyük Britaniya Suriyaya qarşı sanksiyaları ləğv etməyə başlayıb. Konkret olaraq, bir sıra banklara, o cümlədən Mərkəzi Banka, eləcə də neft şirkətlərinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Daha sonra London təhlükəsizlik agentliklərini və yerli medianı sanksiyalar siyahısından çıxarıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12