Cey Di Vensin evinin şüşələrini sındıran şəxsin kimliyi müəyyənləşib - YENİLƏNİB

Polis ABŞ vitse-prezidenti Cey Di Vensin Sinsinnatidəki evində pəncərələri sındıran şəxsin kimliyini müəyyən edib.

"Report" xəbər verir ki, Vensin evinin pəncərələrini 26 yaşlı Uilyam Defur sındırıb.

"Independent"in məlumatına görə, o, vandalizm, əmlakı qəsdən zədələmə, özgə əraziyə qanunsuz daxil olmaqda ittiham olunur.

ABŞ Məxfi Xidmətinin məlumatına görə, Defur vitse-prezidentin evinin dörd pəncərəsini və avtomobilini zədələyib, lakin evin içərisinə daxil olmayıb. Saxlanıldıqdan sonra o, Sinsinnati polisinə təhvil verilib.

Hadisə zamanı ev boş, Vens və ailəsi Vaşinqtonda olub. Məhkəmə sənədləri göstərir ki, bu, Defurun cinayət ittihamı ilə üzləşdiyi ilk hal deyil. Araşdırma davam edir.

Həmçinin Vens "X" sosial şəbəkəsində evinə hücum edildiyini təsdiqləyib, Məxfi Xidmət və polisə sürətli reaksiyaları üçün təşəkkür edib.

ABŞ-nin Ohayo ştatının Sinsinnati şəhərində vitse-prezident C.D.Vensin əmlakına ziyan vuran şəxs saxlanılıb.

"Report" "Fox News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, Məxfi Xidmətin agentləri bazar ertəsi hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Onun şəxsiyyəti açıqlanmır.

Qeyd olunur ki, şübhəli şəxs Vensin iqamətgahının pəncərələrini sındıraraq əmlaka ziyan vurub. Saxlanıldıqdan sonra o, Sinsinnati polisinə təhvil verilib.

Məxfi Xidmət hadisə zamanı evin boş olduğunu, vitse-prezident və onun ailə üzvlərinin isə Ohayo ştatında olmadığını vurğulayıb.

C.D.Vensin nümayəndəsi də "Fox News"a hadisənin baş verdiyi zaman vitse-prezident və ailəsinin artıq Vaşinqtona qayıtdığını təsdiqləyib.

Digər xəbərlər