Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "8 Noyabr - Azərbaycan tarixinin zəfər zirvəsi" mövzusunda konfrans keçirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə müxtəlif dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri, təhsilalanlar, eləcə də Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları iştirak ediblər.
Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov konfransın keçirilmə məqsədi barədə fikirlərini bölüşərək Zəfər Gününün tarixi-siyasi əhəmiyyətini milli dövlətçiliyin və hərbi qüdrətin parlaq təzahürü kimi diqqətə çatdırıb.
Daha sonra çıxış edən tədbir iştirakçıları Zəfər Gününün xalqın qəhrəmanlıq salnaməsində müstəsna yer tutduğunu, bu şanlı tarixin milli qürurun, Vətənə sonsuz sevginin və şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın təcəssümü olduğunu vurğulayıblar.
Konfransın bədii hissəsində akademiyanın kursantları tərəfindən hazırlanmış "Azərbaycan tarixinin zəfər zirvəsi" adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub.