Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Kəsəmən (indiki Arpunk) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma dərc olunub.

"Report" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.

Çarizm dövründə Kəsəmən, Kasaman, sovet dövründə Kəsəmən, Baqar, Bahar adlandırılan kənd ən azı yüz əlli il ərzində Kəsəmən adını daşıyıb. 1978-ci ilin yanvarında kəndin adı Bahar olaraq dəyişdirilib.

1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kənd Arpunk adlandırılıb. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub. 1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Kəsəmən kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 166 nəfər yaşayıb.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. 1911-ci ildə kənddə 738 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıb. 1914-cü ildə kənddə 966 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. Arxiv sənədlərinə əsasən, 1919-cu il aprelin ortalarında Kəsəmən kəndində erməni qoşunları tərəfindən qırğın törədilib, kəndin özü isə dağıdılıb. Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kəndin türk sakinlərinin sayını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarındakı sayı ilə müqayisə etdikdə görünür. 1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 249 nəfər yaşayıb. 1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 891 nəfər yaşayıb. 1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 955 nəfər yaşayıb. 1989-cu ildə kənddə 693 nəfər yaşayıb.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə dağılmış məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39