Azərbaycan-Türkiyə tandeminin sülhün və sabitliyin təminindəki gücü Pakistanın qoşulması ilə daha da artır. Azərbaycan Prezidentinin sözləri ilə desək, üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
O qeyd edib ki, Azərbaycanın qalibiyyətinin rəmzlərindən olan Laçın müasir və sürətli yenidənqurma və bərpaya nümunədir:
“Müsəlman Şərqində ilk parlamentli respublikanın əsasını qoyan Azərbaycan bu uğurunun 107-ci ildönümünü məhz İslam dünyasının nəhəng gücləri Türkiyə və Pakistanla bayram etdi. Laçın, bütövlükdə Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin strateji konsepsiyası əsasında və dövlətimizin maliyyə gücü ilə qurulur. Malik olduğu geostrateji mövqeyə görə Laçında yaradılan infrastruktur dual xarakterlidir: mülki olmaqla yanaşı, ölkəmizin müdafiə və təhlükəsizliyinin təmininə xidmət edir. Artan geosiyasi çağırışlar fonunda birgə dəyərlər və regional miqyasda birliklərin yaradılması aktuallaşır. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
R.Nəbiyev vurğulayıb ki, 353 milyon əhali, 1,8 trilyon dollar ÜDM, 1,7 milyon kvadrat kilometr ərazisi olan üç qardaş dövlət yeni dünya düzəninin formalaşması ərəfəsində siyasi, iqtisadi və müdafiə məsələlərinə dair birgə mövqe formalaşdırırlar:
“Digər regional hadisələrlə müqayisə Azərbaycan Prezidentinin hərbi və diplomatik strategiyasının nə qədər uğurlu olmasını bir daha təsdiqləyir: Bütün Avropa xüsusi intensivliklə, uzun müddətdir çalışır, Rusiya-Ukrayna müharibəsində atəşkəsə belə nail ola bilmir. Amma Azərbaycan otuz illik işğala öz resursları ilə son qoydu, şəhidlər verərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.
Deputat diqqətə çatdırıb ki, beynəlxalq birliyin Zəfərə verdiyi dəyər Almaniya Prezidentinin 28 May münasibəti ilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda dolğun ifadə olunub:
“Almaniya prezidenti yazıb ki, Azərbaycanın müstəqilliyə nə qədər yüksək dəyər verməsi Azərbaycana son səfərində Şəhidlər xiyabanını ziyarət edərkən, xatirəsində daha aydın canlanaraq, dərin iz salıb. “Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəniz mühüm geostrateji mövqeyə malikdir. Regionda sülhün bərqərar olması üçün göstərdiyiniz səyləri xüsusilə yüksək qiymətləndirirəm” – deyə, Almaniya rəhbəri vurğulayıb. Bu mənada Avropa Siyasi Birliyinin 2028-ci il Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərarın verilməsi də Azərbaycan Prezidentinin siyasi strategiyasına verilən dəyərdir.
Nəzərə alsaq ki, həmin Zirvə toplantıları barədə qərarlar 47 iştirakçı dövlət, o cümlədən 27 Avropa İttifaqı üzvü tərəfindən məhz konsensus əsasında verilir, bu qərar İkinci Qarabağ müharibəsinin siyasi və hüquqi nəticələrinin yekdilliklə qəbulu deməkdir. Azərbaycan Avropa Siyasi Birliyinin on altı üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir, on iki dövlətin enerji təhlükəsizliyinin təminində rol oynayır. Ümumi təhlillər onu göstərir ki, Azərbaycan “orta güc” kimi özünü təsdiqləyərək regional sülhə töhfə verir”.