Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb

Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanla Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti təsdiq edilib.

Şuranın üzvləri isə aşağıdakılardır:

Azərbaycan Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

rəqəmsal inkişaf və nəqliyyat naziri

elm və təhsil naziri

ədliyyə naziri

maliyyə naziri

iqtisadiyyat naziri

Mərkəzi Bankın sədri

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru.

Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılıb, və Katiblik funksiyasının həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Həmçinin müəyyən edilib ki, Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Bundan başqa, Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, eləcə də dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.

Digər xəbərlər