2024-cü ildə təbii fəlakətlər nəticəsində iqlim zərərləri 320 milyard dollar təşkil edib

2024-cü ildə təbii fəlakətlər nəticəsində iqlim zərərlərinin dəyəri 320 milyard dollar olub.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) üzrə BMT-nin yüksək səviyyəli iqlim lideri Den Yoşpeni Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə gücləndirilməlidir:

"Adaptasiya tədbirlərinin olub-olmamasından asılı olmayaraq, artıq bu sahəyə investisiyalar zərurətə çevrilib".

Bildirib ki, COP30-un fəaliyyət gündəliyində maliyyə məsələsi və uyğunlaşma tədbirləri prioritet sayılır:

"Müxtəlif qlobal və regional təşkilatlarla birlikdə biz milli uyğunlaşma planlarını investisiya edilə bilən formaya salmaq üçün çalışırıq".

D.Yoşpeni əlavə edib ki, insan mərkəzli iqlim həllərinin planlaşdırılması səmərəli olur:

"COP Sədrliyinin beşinci məktubunda təsdiqləndiyi kimi, iqlim fəaliyyətinin mərkəzində insanlar dayanmalıdır. Həqiqi dayanıqlılıq təkcə infrastrukturdan ibarət deyil. Bu, insan həyatını qorumaq, icmaları gücləndirmək və insanların uyğunlaşmaq imkanlarının artırılmasıdır".

Digər xəbərlər