Bu ilin iyul ayında Türkiyənin Azərbaycana ixracının dəyəri 151,321 milyon ABŞ dolları təşkil edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,7 % çoxdur.
Yanvar-iyul aylarında isə Azərbaycan qonşu ölkədən 1 milyard 193,462 milyon ABŞ dollarlıq əmtəə və xidmət idxal edib. Bu isə illik müqayisədə 7,2 % çoxdur.
7 ay ərzində Türkiyədən ən çox ixrac 11 milyard 122 milyon ABŞ dolları olmaqla Almaniyaya (12,4 % çox), 8 milyard 485 milyon ABŞ dolları olmaqla ABŞ-a (24,6 % çox) və 7 milyard 109 milyon ABŞ dolları olmaqla Böyük Britaniyaya (2,4 % çox) həyata keçirilib. Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 17,9 % artaraq 130 milyard 437 milyon ABŞ dollara çatıb.