Məlum olduğu kimi, Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun gücləndirilməsi və şaxələndirilməsi prioritet istiqamətlərdən biridir. Son illər ərzində həyata keçirilən dövlət dəstəyi, vergi və gömrük güzəştləri, ixrac təşviqləri və innovativ kənd təsərrüfatı yanaşmaları bu sahədə yeni dinamika yaradıb. Qeyri-neft ixracının genişləndirilməsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO əsaslı rol oynayaraq ixrac missiyaları, beynəlxalq sərgilərdə iştirak və "Made in Azerbaijan" brendinin tanıdılması vasitəsilə yerli istehsalçıların xarici bazarlara çıxışını dəstəkləyir.
Yerli məhsulların və milli brendin formalaşdırılmasının nümunələrindən biri Azərbaycanın çayçılıq ənənəsinin müasir davamçısı olan "Green Plant" MMC-dir. Şirkət 2012-ci ildə fəaliyyətə başlayıb və qısa müddətdə "AzTea" və "Astaraçay" kimi 100% təbii çay brendlərini bazara çıxarıb və istehlakçıların rəğbətini qazanıb.
"Green Plant" şirkəti çay istehsalı üçün xammalı subtropik iqlimə malik Astara və Lənkəran rayonlarında yerləşən plantasiyalardan təmin edir. Tarixi 1932-ci ilə dayanan çay plantasiyalarında yarpaqlar bu gün də ənənəvi üsulla – əl ilə yığılır. Ümumi sahəsi 450 hektar olan əkin sahəsində çay tamamilə ekoloji şəraitdə, kimyəvi müdaxiləsiz yetişdirilir. Bu sahələrdə Almaniya şirkəti tərəfindən 4 il ərzində ekoloji monitorinq aparılıb. İstehsal prosesi isə beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmış müəssisədə həyata keçirilir. Ənənəvi becərilmə üsullarına sadiq qalmaqla yanaşı, şirkət innovativ istehsal texnologiyalarını da tətbiq edir. 2015-ci ildə istifadəyə verilmiş müasir çay emalı zavodu gündə 10 ton yaşıl çay yarpağını emal etmək gücünə malikdir və yüksək keyfiyyət standartlarına cavab verir.
Şirkət yalnız yerli bazarda deyil, qlobal arenada da öz mövqeyini möhkəmləndirir. AZPROMO-nun dəstəyi ilə "Green Plant" Avropa və Yaxın Şərqdə keçirilən beynəxalq sərgilərdə Azərbaycan çayını təqdim edərək xarici istehlakçılara dequstasiya imkanları yaradıb və milli brendin tanıdılmasına töhfə verib. Bununla yanaşı, məhsulların növbəti il Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və MDB ölkələrinə ixrac edilməsi planlaşdırılır, bu da şirkətin beynəlxalq genişlənmə strategiyasının növbəti mərhələsini formalaşdırır.
"Green Plant" şirkətinin uğuru onu göstərir ki, dövlət dəstəyi, innovativ idarəetmə yanaşması və milli ənənələrin qorunması bir araya gəldikdə, Azərbaycan məhsulları beynəlxalq bazarlarda öz layiqli yerini tutur. Şirkət yalnız ölkənin zəngin çayçılıq irsini yaşatmır, həm də onun gələcəyini müasir yanaşmalarla daha rəqabətə davamlı və perspektivli edir.