Azərbaycan Qvineya və Liviyaya alma satmağa başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 50,2 milyon ABŞ dolları dəyərində 71,4 min ton alma göndərilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 35 % çoxdur.

Hesabat dövründə Rusiyaya 42,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 61,2 min ton (+39 %), Türkiyəyə 2,8 milyon ABŞ dolları dəyərində 2,8 min ton (1 il bundan əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 2,3 milyon ABŞ dolları dəyərində (+18 %) 2,4 min ton (-20 %), Qazaxıstana 1,2 milyon ABŞ dolları dəyərində (-10 %) 2,9 min ton (-11 %), Özbəkistana 733 min ABŞ dolları dəyərində (-46 %) 621 ton (-60 %) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qvineya (22,3 min ABŞ dolları dəyərində 22,3 ton) və Liviyaya (220 min ABŞ dolları dəyərində 206 ton) tədarük həyata keçirilib.

Digər xəbərlər

Azercelldən iPhone kampaniyası 06 yanvar, 2026 / 15:57