Məcnun Məmmədov: "Süni intellektin sürətli inkişaf etməsi yeni prioritetlər formalaşdırır"

Son dövrlər dünyada süni intellekt texnologiyalarının sürətl inkişaf etməsi dövlətlərin iqtisadi və texnoloji strategiyalarında yeni prioritetlər formalaşdırır, Azərbaycan da bu prosesdə aktiv mövqe tutur.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.

"Prezident İlham Əliyevin öz çıxışlarında da qeyd etdiyi kimi Azərbaycanın strateji hədəflərindən biri ölkəmizi regionda süni zəka və informasiya texnologiyaları üzrə mühüm mərkəzə çevirməkdir. Məlumat mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik infrastrukturunun inkişafı və mütəxəssislərin hazırlanması istiqamətində artıq konkret layihələr həyata keçirilir. Azərbaycanın güclü siyasi iradəsi və beynəlxalq tərəfdaşlıq imkanları bu məqsədə nail olmaq üçün ciddi potensial yaradır", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, bu strateji yanaşma kənd təsərrüfatı sahəsində də yeni imkanlar açır: "Çünki aqrar sektor təbiət, iqlim və böyük həcmli məlumatlarla işləyən sahələrdən biridir, süni intellekt texnologiyalarının tətbiqi burada xüsusilə böyük əhəmiyyət daşıyır. Məhz bu səbəbdən nazirlik aqrar sahədə genişmiqyaslı rəqəmsal transformasiyanın artıq, deyərdim ki, ikinci mərhələsini həyata keçirir. 2020-ci ildən etibarən qurulmuş Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla yanaşı, dövlətin göstərdiyi dəstək mexanizmlərinin şəffaflığını, operativliyini və səmərəliliyini də ciddi şəkildə artırıb. Bu transformasiyanın yeni mərhələsi isə Aqrar Süni İntellekt layihəsidir".

"Layihə çərçivəsində aqrar sahədə qərarverməni daha dəqiq və məlumat əsaslı etmək məqsədilə 30-dan artıq süni intellekt modulu müəyyən edilib. Bu modullar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər məlumat mənbələrini bir araya gətirərək həm dövlətin kənd təsərrüfatı ilə bağlı strateji idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərarvermə prosesini dəstəkləyir. Sistemlər vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları kimi mühüm məsələlər üzrə analitik məlumatlar formalaşdırılır. Bu məlumatlar vahid rəqəmsal platformada emal olunur və fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları ilə çatdırılır. Beləliklə, aqrar idarəetmə modeli tədricən ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçir. Bu yanaşma bir tərəfdən dövlətin aqrar siyasətinin daha effektiv planlaşdırılmasına imkan yaradır, digər tərəfdən isə fermerlərin gündəlik fəaliyyətində daha dəqiq və operativ qərarların qəbul edilməsinə kömək edir", - deyə M.Məmmədov əlavə edib.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının aqrar sahədə tətbiqi təkcə texnoloji yenilik deyil, həm də kənd təsərrüfatının idarə edilməsində yeni düşüncə modelinin formalaşması deməkdir: "Azərbaycanın süni zəka və rəqəmsal texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi istiqamətində aparılan işlər bu sahədə yeni imkanlar yaradır və aqrar sektorun inkişafı üçün də mühüm perspektivlər açır. Gələcək mərhələdə əsas məqsədimiz bu texnologiyaların tətbiqini daha da genişləndirmək, mövcud modulları inkişaf etdirmək və onların fermerlər üçün daha əlçatan olmasını təmin etməkdir".

Digər xəbərlər