Bu il Azərbaycanda kənd təsərrüfatı sahəsində haqsız rəqabət halları ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 60-dan çox şikayət daxil olub və onlarla bağlı araşdırmalara başlanılıb.
"Report" xəbər verir ki, bunu Dövlət Agentliyinin sədrinin müşaviri Cəfər Babayev Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Aqrar tərəfdaşlıq dayanıqlı inkişaf və qida təhlükəsizliyi" adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, haqsız rəqabət Agentliyin ən çox müdaxilə etdiyi istiqamətlərdən biridir və daxil olan şikayətlərin əhəmiyyətli hissəsi məhz kənd təsərrüfatı istehsalçıları ilə bağlıdır: "Bu hallar əsasən bazara giriş maneələri, qeyri-bərabər rəqabət şərtləri və kommersiya münasibətlərində balansın pozulması ilə əlaqədardır".
C.Babayev əlavə edib ki, aqrar sektor strateji və həssas sahə olduğu üçün burada rəqabət mühitinin qorunması xüsusi yanaşma tələb edir: "Kənd təsərrüfatı ölkənin qida təhlükəsizliyi, məşğulluq və qeyri-neft ixracı baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə bu sektorda tənzimləmələr digər sahələrdən fərqli olaraq daha incə alətlərlə aparılmalıdır".
O qeyd edib ki, antiinhisar qurumu haqsız rəqabət halları üzrə araşdırmalar aparmaqla yanaşı, problemlərin mümkün qədər bazar iştirakçıları ilə dialoq və razılaşma yolu ilə həllinə üstünlük verir: "Bununla belə, bazar genişləndikcə və iştirakçıların sayı artdıqca hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsinə ehtiyac yaranır"