Zəngəzur layihəsi region üçün strateji əhəmiyyət kəsb edir, çünki enerji və nəqliyyat marşrutlarını diversifikasiya edərək regional iqtisadi inteqrasiyanı gücləndirir. Layihə ölkələr arasında ticarət əlaqələrini artırır və geosiyasi asılılıqları azaldır, həmçinin bölgədə sabitlik və tərəfdaşlıq imkanlarını genişləndirir. Eyni zamanda uzun müddət qeyri-stabil olan regionda Azərbaycanla Ermənistan arasındakı sülhü və qarşılıqlı əməkdaşlığı da gücləndirə bilər. Dəhliz xüsusən də Azərbaycanla Türkiyənin strateji və geosiyasi gücünü artırır.
İran və Rusiya uzun müddət bu layihə ilə bağlı fərqli mövqe sərgiləyib. İranın bəzi rəsmiləri, xüsusən də radikal qanadın nümayəndələri, Ermənistandakı səfiri vasitəsilə Zəngəzur dəhlizinə qarşı çıxışlar edir, belə bir marşrutun mümkün olmayacağını bəyan edirdi. Rusiya rəsmi olaraq dəhliz məsələsinin iki ölkə, yəni Azərbaycanla Ermənistan arasında qarşılıqlı müzakirə olunan suveren məsələ olduğunu bildirir, kənar müdaxiləni yersiz adlandırırdı. Kreml dəfələrlə bəyan edib ki, regiondakı kommunikasiyalar açılmalıdır və bu, Bakı ilə İrəvan arasında həll olunmalıdır. Moskva məsələnin tezliklə həllini istədiyini bildirib. Bununla yanaşı, Moskvanın mövqeyində hər zaman 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanat məsələsi ön plana çəkilir, hər hansı tranzit və nəqliyyat marşrutu yalnız bu sənəddə əks olunan prinsiplər çərçivəsində mümkünlüyü qeyd edilir.
Moskva üçün əslində öz geosiyasi təsirini qorumaq, Qafqazda dayaqlarını itirməmək prioritet hesab edilir. Rusiyalı siyasətçilərin fikrinə görə, Azərbaycan enerji və nəqliyyat marşrutlarını diversifikasiya edərək, onun strateji üstünlüklərini zəiflədə bilər. Eyni qorxu İslam Respublikasında da müşahidə olunur. Böyük iqtisadi potensiala malik Zəngəzur dəhlizinin faydalarından yararlanmaq əvəzinə isə Tehran və Moskva öz geosiyasi maraqlarını ön plana çıxarıblar.
Amma maraqlıdır ki, 2025-ci ilin avqust ayında imzalanan Vaşinqton Bəyannaməsində Azərbaycan, Ermənistan və ABŞ prezidentləri "Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi barədə birgə sənəd imzalayıblar. Bu sənəd Naxçıvanla Azərbaycan əsas hissəsi arasında maneəsiz nəqliyyat əlaqələrinin yaradılmasını hədəfləyir. Bu razılaşmada tərəflər qarşılıqlı sülh və regional kommunikasiya açılışını dəstəkləyirlər və dəhlizin açılması üçün əməkdaşlıq niyyətlərini təsdiqləyiblər. Maraqlıdır ki, bu dəfə İran rəsmi olaraq Ermənistan və Azərbaycan arasında sülh razılaşmasını regionda sabitlik üçün "vacib addım" kimi qarşıladığını bəyan etdi. Kreml isə daha çox regional sülh prosesinə ümumi münasibət bildirməyi, qarşılıqlı dialoqa və əməkdaşlığa hazır olduğunu vurğulayıb və layihənin detalları ilə bağlı məsələləri öyrənmək istədiyini açıqlayıb.
Aradan bir neçə ay keçdikdən sonra isə İran və Rusiya eyni anda Zəngəzur dəhlizi ilə bağlı açıqlama veriblər. İran tərəfdən Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda ABŞ-nin mövcudluğunu artırır və Tehran bunu kəskin etirazla qarşılayır. O, layihənin təhlükəsizlik narahatlıqları yaratdığını vurğulayır və bu təşəbbüsə qarşı olduğunu rəsmi şəkildə dilə gətirib. Moskva isə bəyan edib ki, Zəngəzur dəhlizi təşəbbüsünün parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin Zəngəzur dəhlizinin bir hissəsinin Ermənistandakı Rusiya sərhədçilərinin nəzarət etdiyi ərazidən keçdiyini xatırladıb. Bundan əlavə, region Rusiya dəmir yolu xətlərindən istifadə edir və Zəngəzur dəhlizi əsasən Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək. Kaluqin hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü nəzərə alındıqda, tərəfdaşların Rusiyasız keçinə bilməyəcəyi aydındır. Onun bu açıqlaması Moskva və Vaşinqton arasındakı Ukrayna razılaşması və danışıqların yeni fazaya qədəm qoymasının yaratdığı regional dinamika fonunda xüsusi diqqət çəkir. Əvvəllər Azərbaycan və Ermənistan Rusiyadan kənar platformalarda hansısa ortaq məxrəcə gəldikdə, Moskva dərhal 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatı xatırladır, bütün sonrakı razılaşmaların məhz həmin sənədə söykəndiyini vurğulayırdı. Bu, Rusiyanın regional təsirini qorumaq və hər iki tərəfi strateji qərarlarında öz mövqeyini nəzərə almağa məcbur etmək üçün istifadə etdiyi ənənəvi rıçaq idi. Lakin indi vəziyyət bir qədər dəyişib, faktiki olaraq İrəvana birbaşa təhdid mesajları göndərilir. Bunun nümunəsi kimi dəmir yollarının hələ də Rusiyanın nəzarətində olması və Zəngəzur ərazisinin Rusiya sərhədçilərinin məsuliyyət bölgəsində olması göstərilə bilər. Bu mesajlar vasitəsilə Moskva İrəvana xatırladır ki, ABŞ-də paraflanmış sülh sazişi olsa da, onun real həyata keçirilməsi və legitimliyi üçün razılaşmanın Moskvada təsdiqlənməsi vacibdir.
Kaluqinin açıqlaması bu baxımdan xəbərdarlıq xarakteri daşıyır. Rusiya, 2020-ci ilin noyabrında vasitəçilik etdiyi Birgə bəyanatı hələ də regional hüquqi və təhlükəsizlik bazası kimi görür və bugünkü razılaşmaların bu baza üzərində qurulmasını tələb edir. Bu yanaşma həm Rusiya üçün regiondakı təsirini qorumaq, həm də Ermənistanı strateji qərarlarında Moskvaya müraciət etməyə məcbur etmək deməkdir. Eyni zamanda, Moskva bu siyasəti incə diplomatik retorika ilə yürüdür ki, ABŞ ilə yaranan yeni dinamikanı balanslaşdırsın, həm regional nüfuzunu saxlasın, həm də sülh prosesində öz mövqeyini itirməsin. Bu kontekst, Rusiyanın yalnız müqavilə və sənədlər üzərindən yox, həm də praktiki nəzarət və təhlükəsizlik rıçaqları vasitəsilə regiondakı təsirini qorumağa çalışdığını göstərir.
Bakı Vaşinqtonda 8 avqustda əldə olunmuş razılaşmadan sonra layihənin reallaşdırılması və Naxçıvanla Azərbaycan arasında tranzit əlaqələrin açılması barədə aydın addımlar atıb. Prezident İlham Əliyev də dəhlizin Azərbaycan ərazisində inşasının sona yaxınlaşdığını bəyan edib ki, bu da Azərbaycanın qərarlarını öz milli maraqları əsasında verdiyini göstərir. Eyni zamanda Azərbaycan ABŞ ilə Zəngəzur dəhlizinin açılmasını müzakirə edib və TRİPP layihəsinin sürətləndirilməsində beynəlxalq əməkdaşlığa önəm verdiyini nümayiş etdirib, bu da Rusiyadan və ya hansısa digər güc mərkəzindən asılı olmayan xarici siyasətin təzahürüdür. Bunun əksinə olaraq Rusiya ilə münasibətlərdə rəsmi dialoq davam edir və Bakıda Rusiya XİN ilə siyasi məsləhətləşmələr keçirilib, lakin bu proses əsasən ikitərəfli gündəmdədir və Rusiyanın konkret təsir rıçaqları ilə deyil, diplomatik kanallar üzərindən aparılır. Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil xarici siyasət yürüdərək TRİPP və Zəngəzur dəhlizi layihələrini öz milli və regional maraqlarına uyğun şəkildə irəli aparır.
Əli Əkbər Vilayətinin açıqlamasına gəldikdə isə bu, nəqliyyat layihəsinə münasibətdən çox, Tehranın daxili siyasəti, ABŞ ilə münasibətlər və Ermənistan üzərində təsir rıçaqını itirmək kimi komponentlərdir. Bu ritorika əslində rəsmi dövlətin yox, mühafizəkar qanadın dominant səsinin təzahürüdür. Yəni, artıq Tehranda radikal qanad üstünlük əldə edib. Son illərdə İslam Respublikasında radikallarla islahatçılar arasında baş verən daxili çəkişmələr nəticəsində ikincilərin ölkənin xarici siyasətində yenidən söz sahibi olduğunu bu açıqlama açıq şəkildə ortaya qoyur. Radikal qanad layihəyə iqtisadi maraq yox, geosiyasi oyun kimi baxır və ABŞ-nin iştirakına kəskin şəkildə qarşı çıxır. Layihənin Vaşinqton tərəfindən dəstəklənməsi İran üçün regionda Amerikanın təsirinin artması kimi dəyərləndirilir.
Zəngəzur dəhlizi İran sərhədlərinə yaxın yerləşdiyindən, Tehran bunu strateji təhlükə və "qırmızı xətt" hesab edir, ABŞ-nin regiondakı rolu ilə bağlı narahatlıq radikalların mövqeyini sərtləşdirir. Eyni zamanda qeyd edək ki, Ermənistan üzərində konkret təsir rıçaqlarına sahib olan İran layihənin işə düşməsindən sonra bundan məhrum olacağını gözəl dərk edir. Buna görə də Vilayətinin çıxışında İrəvana qarşı xəbərdarlıq tonu sərtdir. Bu çıxış həm də Moskvanın regiondakı rolu ilə bağlı Tehran üçün balanslaşdırma cəhdi kimi də oxunmalıdır. Azərbaycana gəldikdə isə, Bakı öz müstəqil siyasətini davam etdirir, Zəngəzur dəhlizi layihəsində fəal iştirak edir. İranın Ermənistanda olduğu kimi, Azərbaycana təsir rıçaqları mövcud deyil. Bu səbəbdən Vilayətinin sərt mövqeyi əsasən Ermənistan üzərinə yönəlib, Azərbaycana qarşı isə diplomatik və ehtiyatlı ton qorunur. İran Bakının maraqlarını nəzərə almaq məcburiyyətindədir, çünki iqtisadi və enerji əməkdaşlığı Tehran üçün strateji əhəmiyyət kəsb edir. Bu dəhliz həm də Türkiyəyə Cənubi Qafqaz vasitəsilə Orta Asiya və Xəzər regionuna çıxış imkanı verir, enerji və ticarət axınlarını sürətləndirir. Nəticədə, həm Ankara, həm də Bakı üçün regional təsir və geosiyasi nüfuz güclənir, Azərbaycan öz müstəqil tranzit rolunu möhkəmləndirir, Türkiyə isə strateji tərəfdaş olaraq mövqeyini artırır. Məhz bu aspekt də İranı narahat edir.
Əslində, həm Rusiya, həm də İran Zəngəzur dəhlizindən ciddi şəkildə fayda əldə edə bilərlər. Məsələn, İran üçün dəhliz vasitəsilə Naxçıvan və Cənubi Qafqazla ticarət əlaqələri sürətlənir, tranzit gəlirləri arta bilər və Tehran regionda logistika mərkəzi kimi rolunu gücləndirə bilər. Rusiya üçün isə dəhliz həm enerji və yük daşımalarında alternativ marşrutların açılması, həm də regional tranzit şəbəkələrinə inteqrasiya imkanı deməkdir. Eyni zamanda, hər iki ölkə üçün dəhliz qlobal ticarət və nəqliyyat layihələrində iştirak imkanlarını genişləndirir, iqtisadi əlaqələri diversifikasiya etməyə və regional iqtisadi nüfuzu möhkəmləndirməyə şərait yaradır. Amma bu üstünlüklərdən yararlanmaq əvəzinə, Moskva və Tehran geosiyasi oyunları daha üstün tutur…
Kamil Məmmədov