Bu günlərdə Suriyada yeni qüvvələrin hakimiyyətə gəlişinin, yaxud Bəşşar Əsəd rejiminin süqutunun bir ili tamam oldu.
Ölkədə mövcud olan gərginliyin azalması istiqamətində keçid Prezident Əhməd əş-Şaraa bir sıra mühüm addımlar atıb. İlk növbədə, rəsmi Dəməşq Qərblə münasibətlərə aydınlıq gətirib. Xüsusən, Prezidentin ABŞ-yə səfəri, Ağ Evdə Prezident Donald Trampla görüşü bunu təsdiqləyir.
Səfərdən sonra ABŞ-nin Suriya hakimiyyətinə hərbi texnika göndərməsinə dair informasiyanın yayılması da ikitərəfli əlaqələrin göstəricilərindəndir.
Yayılan hesabatlara əsasən, Ştatlar bu ölkədən yüzlərlə hərbçisini geri çəkmək prosesinə başlayıb. Bu da Bəşşar Əsəd rejiminin süqutundan sonra Suriyadakı təhlükəsizlik sahəsində dəyişikliyi əks etdirir.
Bildirilib ki, ABŞ Ərəb Respublikasındakı hərbçilərinin sayını təxminən 2000-dən 1400 nəfərə qədər azaldacaq. Belə hesab olunur ki, bu addım Ştatların ölkədə hərbi varlığını yenidən nəzərdən keçirməsi və bölgədəki yeni təhlükəsizlik şəraitinə uyğunlaşdırılması çərçivəsində atılır.
Bu, həm də ABŞ-nin Suriyada təhlükəsizliyə təminat verəcəyini, sabitliyi pozacaq qüvvələrə qarşı çıxış edəcəyini ehtimal etməyə əsas verir.
Bununla belə, Ştatlarda Suriyanın daxili işlərinə müdaxilə edəcək potensial, yaxud fəaliyyətdə olan qüvvələrdən də narahatlıq var. B.Əsəd rejiminin süqutunun birilliyi ilə bağlı Senatın xarici işlər üzrə komitə sədri Cim Rişin yaydığı bəyanatda da bu məsələ vurğulanıb: "Əsədin repressiyaları qarşısında Suriya xalqının gücü və dayanıqlılığı, ABŞ sanksiyaları, Rusiyanın Əsədi dəstəkləmək imkanlarının azalması və İsrailin İslam Respublikasının kuklalarına qarşı ümumi müqaviməti ilə birlikdə rejimin süqutu Suriya xalqına daha yaxşı gələcək üçün şərait yaradıb".
Bəyanatda Suriya hakimiyyəti yenidən Rusiya və İranın təsirinə düşməməyə çağırılıb: "Biz Suriya hökumətini ölkəni Rusiya və İslam Respublikasının təsirindən azad etməyə, narkotik və kimyəvi silah ehtiyatlarını məhv etməyə, itkin düşmüş amerikalıların axtarışında əməkdaşlıq etməyə çağırmağa davam edirik".
Yeri gəlmişkən, bu acıqlamadan bir neçə gün öncə Suriya təhlükəsizlik qüvvələri Livandakı "Hizbullah" siyasi-silahlı qruplaşmaya silah göndərilməsinin qarşısını almışdı.
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı bildirib ki, regional tərəfdaşları ilə birlikdə "Hizbullah"ın tərk-silah edilməsində, Yaxın Şərqdə sülh və sabitliyin qorunmasında ortaq maraqları var. Komandanlıq Suriyanın qruplaşmaya silah göndərilməsinin qarşısını alması əməliyyatını təqdir edib. Dekabrın 4-də Suriya təhlükəsizlik qüvvələri "Hizbullah"a yüzlərlə mina ötürməyə çalışan bir nəfəri öldürüb, dörd nəfəri həbs edib.
Məlum olduğu kimi, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) 2011-ci ildən Suriyadakı rejimin başlıca müdafiəçisi və yardımçısı olub. Qvardiyanın Qüds qoşunları döyüşçüləri, təlimatçıları Bəşşar Əsədin siyasi hakimiyyətini qoruyublar. Tehran Suriya ərazisindən həm də Livandakı "Hizbullah" qruplaşmasına silah-sursat və başqa hərbi avadanlıqlar ötürmək üçün istifadə edib. Sepahın İraq və Əfqanıstandan olan qüvvələri Dəməşq, Hələb və Livan-Suriya sərhədində həssas bölgələrə nəzarət edirdi.
Bütün xarici təsirlər zəiflədiyi, Qərb bloku başda olmaqla ABŞ ilə təhlükəsizlik məsələlərində tərəfdaş olduğu halda rəsmi Dəməşq Suriya daxilində gərginliyin aradan qaldırmasında çox ciddi problemlərlə üz-üzədir. Bu vəziyyət isə ölkənin unitarlığını, təhlükəsizliyini, ərazi bütövlüyünü, sabitliyini təhdid edir.
İndiki Ərəb Respublikasında daxili gərginliyi artıran əsas terrorçu PKK-nın bu ölkədəki YPG/PYD qollarının yaratdıqları "Suriya Demokratik Qüvvələri" ("SDQ") silahlı qruplaşmasıdır.
Bəşşar Əsəd rejiminin süqutundan sonra - 2025-ci il martın 10-da Əhməd əş-Şaraa ilə "SDQ" lideri arasında saziş imzalanmışdı. Bu sənəd keçid hökuməti ilə onlar arasında münasibətlərin tənzimləməsi, hərtərəfli siyasi prosesin bərpası, atəşkəsə, dövlət çərçivəsində mülki və hərbi qurumların inteqrasiyasına yönəlmiş səkkiz bənddən ibarətdir.
Dekabrın 31-də "SDQ"-nin sazişdə üzərinə düşən öhdəliklərə əməl etməsi müddəti baş çatır. Dekabrın sonunadək Suriyada mövcud gərginliyin aradan qalxması üçün möhlət də başa çatır. Ancaq onlar bu istiqamətdə hələ real addım atmayıb. Bu qruplaşma tərkibində suriyalı olmayan silahlıların ölkəni tərk etməsinə imkan yaradılması kimi şərtlər irəli sürməklə imzasına qarşı çıxmağa çalışır.
Bu, həm də "SDQ" və onun təmsil etdiyi qüvvələrin Suriyaya inteqrasiyaya qarşı çıxmaq kimi də dəyərləndirilə bilər. Qruplaşma liderləri bu prosesi "formal" adlandıraraq onun reallaşmasının mümkünsüzlüyünü iddia edirlər. Bu qüvvə iddia edir ki, Suriyanın Şimal-Şərqində "təşkilatlanıblar". Başqa sözlə, regional idarəetmə forması yaradıblar, bunun isə rəsmi Dəməşqlə heç bir bağlılığı yoxdur.
Bununla da "SDQ" dekabrın 31-dək sazişə uyğun olaraq addım atmaq niyyətində olmadığını sərgiləyir. Belə ehtimal etmək olar ki, onların sayı Türkiyədən çıxdıqlarını elan etmiş PKK qruplaşmasının silahlıları hesabına artıb. Bu, həm də "SDQ"-yə xarici dəstəyin artmasına şərait yaradır.
İsrailin "druzların hüquqlarının müdafiəsi" adı altında Suriyada əməliyyatlar keçirməsi bu qruplaşmanın da sazişdən imtinasına təkan verir. Bununla belə, Prezident Əhməd əş-Şaraa xəbərdarlıq edərək bildirib ki, dekabrın 31-dək inteqrasiya təmin edilməzsə, "SDQ"-nin hərbi və inzibati varlığına" qarşı addımların atılması gündəmə gələ bilər.
Deməli, "SDQ" öhdəliyini yerinə yetirməyəcəyi halda Suriyada sabitliyin pozulacağı ehtimalı çoxdur. Bu isə vəziyyətə region dövlətlərinin bu və başqa şəkildə müdaxiləsinə səbəb ola bilər. Suriyada hadisələrdə birbaşa iştirak edə bilməyən, yaxud bu prosesə qatılmaqdan məhrum edilmiş Rusiya və İran kimi dövlətlərin mərkəzi hakimiyyəti zəiflətmək, yaxud Bəşşar Əsəd rejiminin qısasını almaq məqsədi ilə gərginlik ocağını körükləməsi də mümkündür. Bu isə Yaxın Şərqdə - Qəzza zolağında zəifləmiş, tərk-silah mərhələsinə yaxın HƏMAS, Livanda zəiflədilən "Hizbullah", Yəməndə hələ fəaliyyətini bütün gücü ilə davam etdirən husi qiyamçılarının yaratdıqları problemlərin, böhranın təzələnməsi olar.
Çünki Suriyada özünü "de-yure" buraxılmış elan edən PKK-nın hədəfi "SDQ" adı altında Suriyanı parçalamaq, yaxud muxtariyyət əldə etməkdir. Türkiyə, ərəb ölkələri və bölgədənkənar başqa dövlətlər Suriyanın ərazi bütövlüyü və suverenliyinin tərəfdarıdır. Ona görə perspektivdə Türkiyənin də vəziyyətə müdaxilə ehtimalı az deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə 2018-ci il yanvarın 20-də "Zeytun budağı" antiterror əməliyyatı ilə Suriya ilə sərhəd bölgələrinə silahlı qüvvələrini yeridib. Əməliyyatın məqsədi Türkiyənin varlığını təhdid edən terror təşkilatlarını (PKK, KCK, PYD-YPG və İŞİD) bölgədən uzaqlaşdırmaq, sərhəd xəttini və bölgədəki əhalinin təhlükəsizliyini təmin etmək, oranı nəzarət altına almaq idi.
İndi "SDQ"-nin bu ərazilərdə güclənməklə Suriyadakı mərkəzi hakimiyyətə inteqrasiyadann boyun qaçırması həm də Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi və suverenliyini təhdid edə bilər.
İnteqrasiya bu hədələrin qarşısını ala biləcək ən doğru yol sayılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətinin mövqeyini belə açıqlayıb: "Suriyanın parçalanmasına əsla icazə verməyəcəyik. Əgər diplomatiya uğursuz olarsa, Türkiyə sərhəd təhlükəsizliyi üçün addımlarını atar".
Ölkənin xarici işlər naziri Hakan Fidan bu günlərdə Doha Forumunda etdiyi çıxışında bildirmişdi: "SDQ" PKK ilə əlaqəsi olan bir terror təşkilatıdır. Suriya ilə anlaşmalar olsa belə, PKK-nın qolu olan bu ünsürlər Suriya ordusuna alına bilməz".
Bu, "SDQ" tərkibindəki silahlıların Suriya ordusunda xidmətinin rədd edilməsi anlamına da gəlir.
Odur ki, bu qruplaşma üçün bir yola icazə verilir - silahları təhvil verib Ərəb Respublikası cəmiyyətinə inteqrasiya etmək. Oxşar yol HƏMAS və "Hizbullah"a da təqdim olunmuşdu. Onların hikkəsi Fələstini, o cümlədən Qəzzanı və Livanı ağır duruma saldı. "SDQ" də Suriyadan kənar güclərə arxalanmaqla ölkəni və bölgəni yeni qarşıdurmaya sürükləyir.
HƏMAS və "Hizbullah" qalib çıxmadı, PKK "de-yure" özünü buraxdı, hətta Türkiyədən çıxdığını elan etdi. Oxşar taleni "SDQ" və ətrafındakı dəstələr də yaşaya bilər. Çünki bölgədə sabitliyin pozulması güclərin ziyanına işləyir.